...

Ermənistandan kobud "SƏHV" - Bakının razılığı olmadan ona kim bu haqqı verdi?

Siyasət Materials 8 İyun 2023 15:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşması Ermənistanın ekoloji terror siyasətinin davamıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, nəzərə alsaq ki, metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları çoxdur, bu zavodun bölgədəki ekosistemə böyük zərbə vuracağı məlumdur. “Ermənistan isə heç bir beynəlxalq standartlara əməl etmir və təbii ki, nə bu zavodun tikintisində, nə də fəaliyyətində heç bir standarta əməl edilməyəcək ki, bu da zavodun bölgəyə vura biləcəyi zərərin miqyasını dəfələrlə artırmış olur.

Eyni zamanda zavodun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. “Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub. Bu metallurgiya zavodunu inşa etməklə Ermənistan bu gün də bu ekoloji terror siyasətini davam etdirməkdədir”, - deyə deputat bildirib.

A.Həsənova əlavə edib ki, beynəlxalq konvensiyalara ziddir. “Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləri olduğunu nəzərə alsaq bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Lakin göründüyü kimi heç bir standarta əməl etmədiyi kimi bu məsələdə də destruktiv mövqe nümayiş etdirərək beynəlxalq konvemsiyanın tələbini kobud şəkildə pozub və Azərbaycanla heç bir razılaşma aparmayıb. Beynəlxalq təşkilatlar bu məsələyə laqeyid qalmamamlı və Ermənistanın növbəti ekoloji terrorunun qarşısın almalıdır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti