Bakı. Trend:
27 sentyabr Anım Günü Azərbaycan xalqının iftixar hisslərin səbəbidir. Xalqımız bu gün 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən, Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsində həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır. Qəhrəman şəhidlərimiz öz həyatlarını Vətəninə qurban verərək xalqımıza bu qələbə sevincini yaşatdılar, 30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdilər. Onlar daim Azərbaycan xalqının qəlbinə yaşayacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
“Eyni zamanda Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman öz qəhrəman övladlarının şücaətini, əzmini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca və əziz tutur”, - deyə deputat bildirib.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı:
"Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycan 44 günlük müharibədə dünya hərb taixində yeni bir səhifə yazdı, müzəffər ordumuz erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlamaqla xalqımıza böyük qələbə sevinci yaşatdı
Əlbəttə ki, bu böyük qələbəyə qəhrəman oğullarımızın canı və qanı bahasına nail olundu. Azərbaycan xalqı daim qəhrəman şəhidlərimizin xatirəsini əziz tutacaq, qəlbində yaşadacaq".
Deputat əlavə edib ki, Vətən müharibəsi Azərbaycan xalqının şanli tarixinə çevrilib: “Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi.
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımız düşmən tapdağından azad etdi. Bu qələbə təkcə torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda xalqımızın mənəvi qələbəsi, özünəinam və qələbə əzmininin özünə qaytarılması ilə nəticələndi.
Bu qələbədə xalqımızın hər bir üzvünün öz payı var. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi və nəticədə tarixi Zəfər əldə edərək əzəli torpaqlarımıza qovuşduq.
Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”, - deyə A.Həsənova vurğulayıb.