Bakı. Trend:
Azərbaycanda Prezident seçkilərində səsvermənin təşkili layiqli və açıq olub.
Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.