...

Milli Məclisin sədri bir sıra beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşüb (FOTO)

Siyasət Materials 8 Fevral 2024 18:11 (UTC +04:00)
Milli Məclisin sədri bir sıra beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşüb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası, Ərəb Parlamenti və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin nümayəndə heyətləri ilə keçirilən görüşlərdə 7 fevral - Prezident seçkilərinin yüksək beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildiyi qeyd olunub.

Parlamentdən Trend-ə verilən məlumata görə, spiker Sahibə Qafarova bu seçkilərin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirildiyini, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında səs verdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, prezident seçkiləri yüksək beynəlxalq standartlara uyğun, azad və ədalətli şəkildə keçirilib. Prosesin tam şəffaf təşkili üçün ümumilikdə 90 min müşahidəçi qeydiyyatdan keçib ki, onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Bu müşahidəçilərin mütləq əksəriyyəti seçkilərlə bağlı müsbət fikirlərini ifadə ediblər. Eyni zamanda, prosesin media nümayəndələri tərəfindən hərtərəfli işıqlandırılması üçün hər cür şərait yaradılıb.

Görüşlərdə beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətlərinin üzvləri prezident seçkilərinin yüksək səviyyədə təşkilinə görə təbriklərini ifadə ediblər. Qonaqlar bir sıra seçki məntəqələrində səsvermə prosesini canlı izlədiklərini, həm seçkilərə hazırlığın yüksək səviyyədə həyata keçirilməsindən, həm də səsvermə günü prosesin beynəlxalq standartlara uyğun təşkilindən məmnunluqlarını ifadə ediblər. Seçicilərin yüksək fəallığı əsas məqamlardan biri kimi qeyd olunub.

Görüşlərdə həmçinin ölkəmizin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığına dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu istiqamətdə əlaqələr ölkəmizin həm təşkilatlara üzv olan ölkələrin qanunverici orqanları ilə ikitərəfli münasibətlərinə, həm də parlament təşkilatlarında əməkdaşlığın genişləndirilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti