Bakı. Trend:
Fevralın 12-də baş verənlər birmənalı olaraq Ermənistan və onun xarici havadarları tərəfindən planlaşdırılmış təxribatdır. Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi planlaşdırılmış haldır və baş verən son hadisə də bu planın tərkib hissəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, Ermənistan baş naziri Paşinyanın zərurət olmadan "The Telegraph" nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur.
“Digər tərəfdən, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa, Hindisdan və hansısa fövqəlgüc ölkədən silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığına dəlalət edən faktordur. Ancaq bundan uduzan yenə də Ermənistan olacaq”, - deyə o,əlavə edib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində sarsıdıcı zərbə alan, ordusu darmadağın edilən düşmən ölkə buna baxmayaraq yenə də öz xislətindən əl çəkmir.
“Xarici havadarlarının dəstəyi və təhriki ilə yenidən təxribatlar törətməyə başlayıb. Lakin bu davranış onlara heç də xoş gələcək vəd etmir. Birmənalı olaraq qeyd edək ki, baş vermiş hadisə sülh prosesinə, Ermənistanla Azərbahcan arasında münasibətlərin normallaşmasına ciddi zərbədir. Bunun da günahkarı təkcə Ermənistan deyil, eyni zamanda Qərb, o cümlədən ABŞ və Avropadır. Çünki son aylar məhz Qərbin sərgilədiyi mövqe birbaşa regionda yenidən müharibənin başlanmasına hesablanıb. Ermənistan hazırda məhz Avropa İttifaqı (Aİ) missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır”, - deyə V.İskəndərov vurğulayıb.