Bakı. Trend:
Paşinyanın Moskvada üçtərəfli görüşdən imtinası ondan xəbər verir ki, bu adam ümumiyyətlə sülh haqda düşünmür, Qərbdəki hamilərinin diktəsi ilə hərəkət edir və ən əsası, Rusiyaya qarşı əzələ nümayişi sərgiləyir.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
O bildirib ki, məlum proses çoxdan başlayıb və Ermənistanın baş naziri artıq gizlətmədən, açıq formada, nümayişkəranə şəkildə bildirir və göstərir ki, ipi başqa əllərdədir.
“Bizə isə maraqlı olan heç şübhəsiz, mövzunun sülh tərəfidir. O sülh ki, yenə də həmin Paşinyanın ucbatından ərsəyə gəlmir, yubanır, məqsədli şəkildə gecikdirilir. Xatırlayırsınızmı, iyul ayında Londonda düzənlənən Avropa Siyasi İcmasının tədbirini? Orada da İlham Əliyevlə Paşinyanın görüşü nəzərdə tutulmuşdu və Paşinyan növbəti dəfə “ənənəsinə” uyğun olaraq qaçdı. Niyə qaçdı? Çünki Qərbdəki hamiləri, sülhü əngəlləmək istəyən qlobal güclər, Ermənistana separat yolla silah daşıyanlar belə istəmişdi. Paşinyan da ki, buyruq quludur, nə desələr onu edir. Sür dərəyə, sür dərəyə. Vəssalam.
Əlqərəz, demək istədiyim budur ki, Paşinyanın sülhlə bağlı söylədiyi hər şey sabun köpüyüdür, saxtakarlıq və riyakarlıq nümunəsidir, açıq blefdir. O, özbaşına qərar vermir və qətiyyən müstəqil deyil. Amma peşman olacaq. Sonucda mütləq peşman olacaq. Zaman keçdikcə, ölkəsi günbəgün daha da çökdükcə anlayacaq ki, xarici qüvvələrin əlində buyruq qulu olmaq, onlara nökərlik eləmək Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Əksinə, bu minvalla uçurumları, uğursuzluqları ard-arda sıralayacaqlar və yekunda anlayacaqlar ki, sülh müqaviləsini imzalamaqdan, normal qonşuluq münasibətləri yaratmaqdan, çirkin niyyətlərdən əl çəkməkdən savayı yol yoxdur”, - deyə o əlavə edib.
Milli Məclisin deputatı Sevinc Hüseynova isə bildirib ki, Paşinyanın üçtərəfli formatda görüşdən imtina etməsi bir daha göstərdi ki, Paşinyan riyakar siyasət aparır.
O bildirib ki, Paşinyan öz çıxışlarında sülh tərəfdarı olduğunu qeyd etsə də, özünü sülh carçısı kimi göstərsə də, əməldə buna tam zidd hərəkət edir.
“Bununla da Paşinyan sülh danışıqlarından qaçmaq strategiyasını davam etdirir. Bildiyiniz kimi, bundan öncə də eyni formatda Böyük Britaniya tərəfindən təşkil olunan görüşdən də imtina etmişdi.
Bu cür görüşlərdən Paşinyanın imtina etməsi onun dialoqdan və sülh gündəliyindən geri çəkilmək niyyətini göstərir. Ermənistan müxtəlif platformalarda sülh haqqında danışdığı halda, bu cür hərəkətləri ilə riyakarlığını nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Paşinyanın bu hərəkətlərinə qiymət verməlidir”, - deyə o əlavə edib.