Bakı. Trend:
Türkiyənin "Haber7" telekanalı, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) məqsədləri çərçivəsində bərpa olunan enerji mənbələrinin daha aktiv istifadəsinin əhəmiyyəti haqqında reportaj hazırlayıb. Xəbərdə COP29, iqlim böhranını həll etmək üçün son şans kimi qiymətləndirilir.
Trend xəbər verir ki, reportajda ekspert Emrah Özgül, ölkələrin enerji təhlükəsizliyini və davamlı inkişafını təmin etmək məqsədilə qazıntı yanacaq növlərindən imtina edilməsinin vacibliyini vurğulayır.
Türkiyəli ekspertin fikrincə, Türkiyənin ekoloji məqsədlərinə, o cümlədən 2053-cü ilə qədər atmosferə zərərli emissiyaların sıfırlanmasına nail olmaq üçün enerji sektoruna xüsusi diqqət yetirilməsi zəruridir.
Özgül, BMT Baş Assambleyasının bu ilin sentyabrında dünyanın 143 dövləti tərəfindən təsdiq edilmiş “Gələcək naminə Pakt” sənədini xatırladıb. O, bu sənədin iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, qum-toz fırtınaları, ətraf mühitin çirklənməsi və digər ekoloji problemlərin dövlətlərin təbii mühiti və inkişaf perspektivləri üçün ciddi risklər yaratdığını bildirdi. Növbəti 10 ilin qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
“Gələcək naminə Pakt”ın 25-ci maddəsi, dayanıqlı inkişaf, iqtisadi inkişaf, sosial sabitlik və milli təhlükəsizlik sahəsində məqsədlərə nail olmaq üçün enerji təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini önə çıxarır.
Bununla əlaqədar, ekspert 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin qlobal orta illik artım sürətinin iki dəfə artırılması çağırışını xatırladıb.
Reportajda, COP28 konfransında qazıntı yanacaq istehlakını azaltmağa hazır olduqlarını bildirən ölkələrin vədlərinə əməl etmədiyi, təmiz enerji mənbələrindən istifadə həcminin isə arzuolunan səviyyədən xeyli aşağı olduğu vurğulanır.
Qeyd edilib ki, Azərbaycanda keçiriləcək konfransın prioritet istiqamətlərindən biri iqlim maliyyələşməsi və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələri üzrə konsensus məsələsi olacaq.
Emrah Özgül, COP29-da müzakirə olunacaq “Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) sənədinin Azərbaycanda müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.
“COP29-un gündəmində mühüm bir maddə də, inkişaf etməkdə olan ölkələrə təbii fəlakətlərdən dəyən zərərin ödənilməsinə kömək məqsədilə yaradılmış İtki və Zərər Fondunun effektivliyinin artırılmasıdır”, - deyə türkiyəli ekspert əlavə edib.
O, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının enerji təchizatının təhlükəsizliyini strateji əhəmiyyətli məsələ kimi qəbul edən Türkiyə üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ekspert, Türkiyə liderinin xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır Tullantı” təşəbbüsünü, ekoloji hərəkata çevrilən və artıq 105 ölkəni əhatə edən uğurlu bir nümunə kimi qeyd edib.