Bakı. Trend:
COP29-da qəbul ediləcək yeni iqlim maliyyəsi hədəfi real, icrası mümkün və həyata keçirilməsi asan olmalıdır.
Bunu Trend-ə açıqlamasında Finlandiyanın Ətraf Mühit Nazirliyinin iqlim departamentinin direktoru və Avropa İttifaqının iqlim maliyyələşdirilməsi üzrə baş danışıqçısı Outi Honkatukia deyib.
O qeyd edib ki, məqsəd xüsusilə az inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan kiçik ada dövlətlərində uyğunlaşma səylərini dəstəkləməkdir.
Honkatukia vurğulayıb ki, qlobal iqlim maliyyələşdirilməsi effektiv olmalıdır və yalnız danışıqlarla məhdudlaşmayaraq, daha geniş investisiya axınlarını əhatə etməlidir. Bu yanaşma inkişaf etməkdə olan ölkələrin dəyişən tələblərini qarşılamağın yeganə yoludur.
Honkatukia qeyd edib ki, iqlim maliyyələşdirməsinin təsirini maksimum dərəcəyə çatdırmaq üçün fond cari 100 milyard dollarlıq hədəfə töhfə verənlərin çərçivəsindən çıxmalıdır.
"Finlandiya Azərbaycanın İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılması təklifi haqqında daha ətraflı məlumat almaqda maraqlıdır. Qalıq yanacaq istehsal edən ölkələrin bu fonda dəstəyi mühüm əhəmiyyət daşıyır. Bu, COP28-də Dubayda razılaşdırıldığı kimi, qalıq yanacaqlardan uzaqlaşma səylərinə dəstək olacaq", - deyə Honkatukia əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.
X: @Lyaman_Zeyn