Bakı. Trend:
Orta Dəhlizin artan əhəmiyyəti bir sıra ölkələrin kredit göstəricilərinin yaxşılaşmasına töhfə verir.
Bu barədə Trend “Moody’s”ə istinadən xəbər verir.
Reytinq agentliyinin hesabatında qeyd olunur ki, dəhlizin üç əsas iqtisadiyyatı – Azərbaycan, Qazaxıstan və Gürcüstanın iqtisadi perspektivləri möhkəmlənib və bu nəqliyyat-logistika sektorunun stimullaşdırdığı real ÜDM-in artımının sürətlənməsində özünü göstərir.
“İnfrastruktur sahəsinə qoyulan sərmayələrin artması da bütövlükdə iqtisadiyyata müsbət təsir göstərərək tikinti aktivliyini və məşğulluğu stimullaşdırır. Emal sənayesində həm lokomotiv istehsalına, həm də daha yüksək texnologiyalı sahələrə – avtomobil istehsalı, əczaçılıq və daxili bazar və ixrac yönümlü qida sənayesinə xarici investisiyaların cəlb olunduğu müşahidə olunur. Dəhlizin ekoloji baxımdan daha dayanıqlı olması üçün dəmir yollarının elektrikləşdirilməsi və bərpa olunan enerji mənbələrinin inteqrasiyası istiqamətində görülən işlər regionun günəş potensialı və Xəzər dənizinin külək potensialı nəzərə alınmaqla “yaşıl” energetikaya sərmayələri stimullaşdırıb”,- reytinq agentliyinin son hesabatında qeyd olunur.
Moody’s ekspertlərinin fikrincə, bu cür sərmayələr iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir, ələlxüsus da iqtisadiyyatı böyük dərəcədə karbohidrogenlərdən asılı olan Azərbaycanda və müəyyən qədər də Qazaxıstanda. Bu isə həmin ölkələrin neft qiymətlərindəki dəyişkənliklərə qarşı dayanıqlığını artırır: “Son illərdə qeyri-neft sektorunda real ÜDM-in artımı sabit qalaraq neft-qaz sənayesində hasilatın azalmasını kompensasiya edir”.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.