...

Orta dəhliz korporativ sektor üçün yeni perspektivlər açır - Moody’s

İqtisadiyyat Materials 12 Sentyabr 2025 11:50 (UTC +04:00)
Orta dəhliz korporativ sektor üçün yeni perspektivlər açır - Moody’s
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta dəhlizin inkişafı regional korporativ sektor üçün strateji imkanlar yaradır,

Trend bu haqda “Moody’s”in son proqnozuna istinadla xəbər verir.

“Qazaxıstan, Azərbaycan və Gürcüstan ticarət və investisiyaların artımından fayda əldə edir. Dəmir yolları ilə yanaşı, infrastrukturun inkişafı sayəsində logistika, tikinti, energetika və liman xidmətlərinə tələbat artır. Digər yerli şirkətlər də yaxşılaşdırılmış regional əlaqələr və logistikanın üstünlüklərindən yararlanacaqlar. İxrac yönümlü sahələr, xüsusilə kənd təsərrüfatı məhsulları, kömür, metal və gübrə istehsalçıları, Çin və Avropa bazarlarına daha yaxşı çıxış və möhkəmlənmiş regional ticarət əlaqələrindən faydalanmaq üçün əlverişli mövqedədirlər”, – hesabatda bildirilir.

“Moody’s” qeyd edir ki, regionun milli dəmir yolu şirkətləri – “Қазақстан Темір Жолы” ASC, “Azərbaycan Dəmir Yolları” və “Gürcüstan Dəmir Yolu” – bu transformasiyada mərkəzi rol oynayır və əsas benefisiarlar hesab olunurlar.

“Onların strateji mövqeyi artan yük axınlarını, o cümlədən yüksək gəlirli tranzit əməliyyatlarını cəlb etməyə və multimodal xidmətləri genişləndirməyə imkan verir. Lakin bu transformasiyanı dəstəkləmək üçün tələb olunan investisiyaların miqyası ciddi kredit çətinlikləri yaradır. Bu operatorların dəmir yolu şəbəkəsinin böyük hissəsi təmir və müasirləşdirmə üçün əhəmiyyətli cari xərclər tələb edir. İnfrastrukturdakı dar boğazlar, köhnəlmiş logistika obyektləri və parçalanmış gömrük prosedurları tranziti əlavə çətinləşdirir. Hər üç operator keçid qabiliyyətini artırmaq və xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün genişmiqyaslı investisiya proqramları həyata keçirir”,- hesabatda vurğulanır.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti