Bakı. Trend:
Yeni tədqiqatlar göstərir ki, idman zamanı yaranan qəfil əzələ spazmları (əzələ krampları) təkcə susuzluq və ya elektrolit çatışmazlığı ilə deyil, həm də yarış və məşq edilən oyun səthlərinin fərqli xüsusiyyətləri ilə bağlı ola bilər.
Trend-in məlumatına görə, bu barədə "The İndependent" nəşri xəbər verib.
Məlumata əsasən, alimlərin müəyyən etdiklərinə görə, sərtlik və elastiklik kimi amillər sinir-əzələ sistemində yorğunluğu sürətləndirə, bu da spazmlara səbəb ola bilər. Araşdırmalar müxtəlif səthlərdə məşq edən idmançılar arasında əzələ fəaliyyətində ciddi fərqlər olduğunu ortaya qoyub.
Mütəxəssislər bildirirlər ki, idmançılar məşq zamanı yarış şəraitinə uyğun səthlərdə təlim keçsələr, kramp riski azala bilər. Gələcəkdə real vaxtda sinir-əzələ yorğunluğunu izləyən texnologiyalar bu problemin qarşısını daha dəqiq almağa imkan verə bilər.
Krampların qarşısını almaq üçün yalnız su içmək kifayət deyil, oyun səthinə uyğunlaşma da vacibdir.