Bakı. Trend:
Xəzərdə obyektlərin layihələndirilməsi zamanı iqlim dəyişiklikləri və onların nəticələri əvvəlcədən hesablamalarda nəzərə alınmalıdır.
Trend xəbər verir ki, bunu “ACWA Power”in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının (“Baku Water Week” – “Bakı Su Həftəsi”) “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”mövzulu panel müzakirələrində çıxışı zamanı bildirib.
“İstənilən layihəyə başlamazdan öncə bazarda strateji meylləri nəzərə almaq vacibdir. Bunun əsasında prosesləri qurmaq və yanaşmaları layihələndirmənin özünə daxil etmək mümkündür. Amma hər zaman nəzərə alınması labüd olan amillər var – su ehtiyatlarına təsir göstərə biləcək bataqlıqlar, su hövzələri və ya xüsusi təbii şərait. Su – hərəkətli mühitdir. Xəzər də, Fars körfəzi regionu kimi, iqlim dəyişikliklərinin təsirini yaşayır. Bütün bunlar 25 illik istismara hesablanan obyektlərin fəaliyyətinə təsir edir: onlar gələcəkdə qaçılmaz olacaq dəyişikliklərə hazır olmalıdır”, - deyə Güven bildirib.
Onun sözlərinə görə, layihələndirmə zamanı tələbatdakı müəyyən dəyişkənliklər, suyun keyfiyyəti və götürülən həcmlərdə dəyişikliklər əvvəlcədən nəzərə alınmalıdır ki, müqavilənin bütün müddəti ərzində sabit keyfiyyət təmin olunsun.
“Biz bunları layihələndirməyə ilkin mərhələdən daxil edirik: obyektləri modul şəklində qururuq, əlavə elementləri hələ işləmə mərhələsində nəzərdə tuturuq ki, 25 illik istismar ərzində baş verəcək gələcək dəyişikliklərə və risklərə hazır olaq. Bütün bunlar risklərin idarə edilməsidir. Doğrudur, bu zaman, diqqət və texniki ekspertiza tələb edir, lakin məhz bu, layihənin bütün həyat dövründə problemlərin qarşısını almağa imkan verir”, - deyə Güven vurğulayıb.