...

TAP avqust ayına olan qaz tədarükünün ölkələr üzrə bölgüsünü açıqlayıb

Energetika Materials 11 Sentyabr 2025 09:58 (UTC +04:00)
TAP avqust ayına olan qaz tədarükünün ölkələr üzrə bölgüsünü açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il yanvarın 1-dən avqustun 31-dək Transadriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya 7,41 milyard kubmetr qaz nəql edilib. Bu həcmin 0,66 milyard kubmetri Yunanıstana, 0,58 milyard kubmetri Bolqarıstana, 6,12 milyard kubmetri isə İtaliyaya çatdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildirilib.

“Müqaviləli kommersiya istismarına başlanıldıqdan bəri TAP vasitəsilə 50 milyard kubmetrdən çox qaz nəql edilib. Yalnız avqust ayında (1-dən 31-dək) nəql olunan həcmin miqdarı 0,97 milyard kubmetr təşkil edib ki, bunun da təxminən 0,08 milyard kubmetri Bolqarıstana, 0,08 milyard kubmetri Yunanıstana, 0,8 milyard kubmetri isə İtaliyaya çatdırılıb”, - deyə konsorsiumdan bildirilib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. 877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti