Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə su və digər infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlıq (PPP) layihələrinə dəstək verməyə hazırdır.
Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) baş investisiya mütəxəssisi Nikola Saporiti Trend-ə açıqlamasında bildirib.
O, əvvəlcə təmsil etdiyi qurum haqqında qısa məlumat verib: "Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun bir hissəsidir:
"Qrup olaraq Dünya Bankının Azərbaycanla uzunmüddətli əməkdaşlıq tarixi var. Dünya Bankı əsasən dövlət sektoruna aid layihələri maliyyələşdirir.
IFC isə özəl sektorun rəhbərlik etdiyi layihələr üzrə məsləhət verir və maliyyələşdirir. Hazırda biz "ACWA Power" şirkəti ilə aparılan danışıqlarda Azərbaycanın iqtisadiyyat nazirliyinə məsləhətçi rolundayıq və bundan çox məmnunuq, çünki bu, çox kritik bir layihədir".
Hazırda Azərbaycanın iqtisadiyyat nazirliyi ilə kiçik bir müqavilələrinij olduğunu xatırladan IFC rəsmisi bildirib ki, bu müqavilə çərçivəsində IFC onlara suyun duzdan təmizlənməsi layihəsinin (desalination project) müqaviləsini strukturlaşdırmaq və danışıqlar aparmaqda kömək edir:
"Suyun duzsuzlaşdırılması layihəsi üzrə pilot layihə artıq tamamlanma üzrədir. Bu layihə hazırda "ACWA Power" ilə müzakirə və qiymətləndirmə mərhələsindədir.
Mən bu səbəbdən buradayam. Ümid edirəm ki, sabah yenidən nazirliklə görüşüb gələcəkdə hansı digər layihələrdə birgə işləyə biləcəyimizi də müzakirə edəcəyik. Mən bilirəm ki, hökumət həm dövlət, həm də özəl vəsaitlər, eləcə də ictimai-özəl tərəfdaşlıqlar vasitəsilə tullantı suyun təmizlənməsi və bəlkə də, təkrar istifadəsini genişləndirmək üçün çoxlu investisiya etməyi planlaşdırır".
N. Saporiti Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə işlərin mərhələli şəkildə necə davam etdiyini açıqlayıb:
"Keçmişdə dəniz suyunun duzsuzlaşdırılması üzrə bəzi həyata keçirilmə ("feasibility") tədqiqatları aparılıb. Sonra hökumət texniki baxımdan layihəni strukturlaşdırmaq üçün bəzi məsləhətçilər işə götürüb. Məsələn, zavodun ölçüsü necə olmalıdır, harada yerləşməlidir və kommersiya baxımından hökumət suya necə ödəniş edəcək. Əgər inflyasiya baş verərsə nə olacaq? Əgər tələb daha az və ya daha çox olarsa nə olacaq? Bu kimi məsələlər müqavilə strukturu ilə bağlıdır. Sonra onlar hüquqşünaslar işə götürüblər və müqavilələr hazırlayıblar. Bu müqavilələr "ACWA Power" və hökumət arasındakı əlaqəni tənzimləyəcək.
Daha sonra onlar açıq tender keçirdilər, bir çox beynəlxalq şirkətə təklif vermək üçün dəvət göndərdilər. Şirkətlər təkliflərini təqdim etdilər. Hökumət isə iki-üç ay ərzində təklifləri müqayisə edib ən yaxşısını qiymətləndirdi. Ən yaxşı təklifin burada əsas sponsor olan "ACWA Power"dan gəldiyi qərara alındı.
Mart ayından indiyə qədər hökumət və "ACWA Power" bu vacib müqaviləni səhifə-səhifə gözdən keçirirlər. Bu müqavilə hökumət ilə bu özəl şirkət arasındakı münasibətləri, zavodun tikintisi və əməliyyatı üzrə növbəti 25-30 il üçün tənzimləyəcək".
N.Saporiti bu istiqamətdə danışıqların davam etdiyini vurğulayıb: "Mənim bildiyimə görə, müqavilənin imzalanması üçün hələ ki, kiçik detallar qalır. Bu, gələn həftə və ya ondan sonrakı həftə baş verə bilər. Yəni yaxın günlərdə Azərbaycanın səlahiyyətli qurumu ilə "ACWA Power" arasında dəniz suyunun duzsuzlaşdırılması üzrə müvafiq layihə ilə bağlı müqavilə imzalanacaq.
Sonra "ACWA Power" müqaviləni götürəcək və layihə üçün maliyyə axtaracaq. Onlar ehtimal ki, bəzi Əlcəzair banklarına və bəlkə də mənim kimi bəzi beynəlxalq maliyyə institutlarına müraciət edəcəklər. Layihəni ən sərfəli və ucuz şərtlərlə maliyyələşdirmək istəyirlər ki, suyu ən aşağı qiymətə satsınlar. Məncə, bu, təxminən altı ay çəkə bilər".
IFC rəsmisi qeyd edib ki, onlar həmçinin Azərbaycan hökumətinə su təsərrüfatı ilə yanaşı, eləcə də nəqliyyat, telekommunikasiya və ya hökumətin ehtiyacı olan digər infrastruktur sahələrində ictimai-özəl tərəfdaşlıq layihələrində dəstək göstərməyi ümid edir:
"IFC ümumiyyətlə, bütün inkişaf maliyyələşdirmə institutları kimi strategiyasında iqlim dəyişikliyi ilə mübarizəni ən prioritet məsələlərdən biri kimi müəyyən edir. Mənim həmkarlarım, investisiya tərəfini idarə edənlər layihələri maliyyələşdirir, kredit ayırırlar və həmişə günəş, külək, hidroenerji, batareya layihələri kimi bərpa olunan enerji layihələrinə baxmaqdan məmnundurlar. Əminəm ki, həmkarlarım Azərbaycanda bu sahədə daha çox layihəni maliyyələşdirməkdən məmnund olardılar".
"Dünya Bankının iş prinsipi belədir: biz hökumətlər tərəfindən idarə olunuruq. Azərbaycan da Dünya Bankı Qrupunda müəyyən pay sahibidir. Bir neçə ildən bir hökumətlərimizlə oturub əməkdaşlıq strategiyasını birgə müəyyən edirik.
Azərbaycan üçün bu strategiya bərpa olunan enerji keçidinə dəstək, infrastruktur sahələrinə çıxışın təmin edilməsi (logistika, nəqliyyat və s.) və iş yerlərinin yaradılmasını əhatə edir. İş yerlərinin yaradılması indi Dünya Bankının əsas mövzusudur", - deyə N.Saporiti əlavə edib.