Bakı. Trend:
Sentyabrın 10-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Azərbaycan Parlament Aparatının nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayevlə görüşüb.
Parlamentdən Trend-ə bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Senatın Aparat rəhbəri Özbəkistan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsinə yüksəldiyiini diqqətə çatdıraraq, bu münasibətlərin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib.
Bildirilib ki, Bakıda Özbəkistanın yeni səfirlik binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması, həmçinin Özbəkistanda Azərbaycanla bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Parlamentlərarası münasibətlərdən danışan Aparat rəhbəri bildirib ki, parlamentlərimiz arasında aktiv dialoq və sıx əməkdaşlıq mövcuddur. Bu münasibətlərin tərkib hissəsi olaraq parlament aparatları arasında da əməkdaşlıq günü-gündən inkişaf edir.
Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev spiker Sahibə Qafarovanın salamlarının spiker Tənzilə Narbayevaya çatdırılmasını xahiş edib.
Aparat rəhbəri diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı tarixi köklərə əsaslanan münasibətlər bu gün yeni səviyyəyə yüksəlib. Əsası Ulu Öndər Heydər Əliyev və Özbəkistanın o dövrkü dövlət başçısı tərəfindən qoyulmuş bu münasibətlər bu gün Prezidentlərimiz cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir.
İki ölkənin parlamentlərarası əlaqələrindən danışan Fərid Hacıyev bu sahədə parlament sədrlərinin qarşılıqlı səfərlərinin və parlament təşkilatlarındakı qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb. Aparat rəhbəri cari ilin aprel ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV konfransının, həmçinin cari ilin iyul ayında Özbəkistanın Xivə şəhərində keçirilmiş Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkürünü bildirib.
İki ölkə parlamentinin aparatları arasında əlaqələrin uğurlu inkişafından məmnunluqla danışan Milli Məclis Aparatının rəhbəri konstruktiv əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Sonra görüş qarşılıqlı sual-cavab və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Görüşdə nümayəndə heyətinin üzvləri - Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Milli Məclis sədrinin köməkçisi Rauf Məmmədov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səməd Sultanov, Milli Məclis rəhbərliyi Katibliyinin sektor müdiri İlkin Qəhrəmanov iştirak ediblər.
Sonra Parlament Aparatının nümayəndə heyəti Özbəkistan Ali Məclisi Senatı Aparatının Nəzarət-analitika idarəsinin, Nəzarət-analitika idarəsinin Nəzarət və məlumat-analitik şöbəsinin, Ərazilərin sosial-iqtisadi inkişafı və büdcə şöbəsinin, Ərazi nümayəndəlik orqanlarının fəaliyyətinin öyrənilməsi mərkəzinin əməkdaşları ilə də görüş keçiriblər və bu şöbələrin də fəaliyyəti ilə tanış olublar.
Görüşdən əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Parlament Aparatının nümayəndə heyətinin üzvləri Aparatlar arasında təcrübə mübadiləsi çərçivəsində Özbəkistan Ali Məclisi Senatının inzibati binasında olublar, burada Mətbuat mərkəzinin, kitabxananın, mətbəənin, müxtəlif şöbələrin fəaliyyəti ilə maraqlanıblar, senatorlar və Aparat əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar.