Bakı. Trend:
Qırğızıstan Çin və Özbəkistanla dəmir yolu sayəsində nəqliyyat sahəsində böyük irəliləyişə nail olacaq.
Bunu Trend-ə Qırğızıstanın Milli Strateji Araşdırmalar İnstitutunun dövlət layihələrinin araşdırılması mərkəzinin rəhbəri Kamila İrqebayeva “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində bildirib.
“Əvvəlcə qeyd etmək lazımdır ki, Qırğızıstan nəqliyyat dalanında yerləşir: bizim dənizə çıxışımız yoxdur, dəmir yolu şəbəkəsi isə qonşu ölkələrlə yalnız qismən bağlıdır. Bu, Qazaxıstanla sərhəd zonası və Özbəkistanla olan zonadır, yolların uzunluğu isə kiçikdir. Əsasən, yükdaşımalar ya avtomobil nəqliyyatı ilə, ya da mövcud dəmir yolu xətləri üzrə kiçik partiyalarla həyata keçirilir. Planlaşdırdığımız – Çin, Qırğızıstan və Özbəkistanın iştirakı ilə "əsrin tikintisi" adlandırılan layihə artıq başlayıb. Bu layihə bizə nəqliyyat dalanından çıxmağa imkan verəcək, çünki Çin malları Qırğızıstan ərazisindən Özbəkistana, oradan isə Avropaya daşına biləcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu, yük axınlarının həcmini dəfələrlə artıracaq və ölkəyə əhəmiyyətli iqtisadi fayda gətirəcək.
“Özbəkistanın da dənizə çıxışı yoxdur, buna görə də dəmir yolu marşrutunun özəlliyi son dərəcə vacibdir. Çin xətləri dar raylıdır, Qırğızıstan və Özbəkistan ərazisindən keçən yollar isə geniş raylıdır. Texnoloji həllər tərkibin uyğunlaşdırılmasına imkan verir: təkərlər dəyişdirilir və qatarlar Qırğızıstan və Özbəkistan ərazisində geniş raylı yollarla hərəkət edir. Bu isə daşınma müddətini 8–10 gün qısaldır ki, bu da xüsusən tez xarab olan məhsullar üçün əhəmiyyətlidir və mühüm iqtisadi imkanlar yaradır. Özbəkistan üçün də bu olduqca önəmlidir, Çin isə Uzaq Şərq və ya cənub istiqamətlərini kənara qoyaraq Avropaya daha qısa yol əldə edir”,- deyə İrqebayeva vurğulayıb.
O qeyd edib ki, gələcəkdə Çin-Qırğızıstan- Özbəkistan dəmir yolu Orta Dəhlizə birləşə biləcək.