Bakı. Trend:
TƏBİB ucqar kənd yerlərində yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, ahıl, həssas qruplara daxil olan şəxslərin və həmçinin uşaqların tibbi müayinələrə cəlb olunması, xəstəliklərin erkən diaqnostikasının aparılması və profilaktik tədbirlərin zamanında görülməsi məqsədilə “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinə başlayıb.
Trend xəbər verir ki, layihə ilk dəfə Daşkəsən rayonunda icra olunub.
“Ucqar ərazilərdə tibbi xidmət” layihəsi çərçivəsində 900-dən çox yaxın vətəndaşa 2 350 tibbi xidmət göstərilib.
Layihənin icrası zamanı vətəndaşlarla maarifləndirici söhbət aparılıb, müxtəlif xəstəliklər barədə tövsiyələr verilib.
TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən layihə
çərçivəsində rayon əhalisinə əvvəlcədən dəvət olunan uzman və
ixtisaslı həkimlər tərəfindən çoxsaylı tibbi xidmətlər
göstərilib.
Tibbi müayinələrdə iştirak edən heyət Bakı şəhərində və bölgələrdə
fəaliyyət göstərən ixtisaslı tibb müəssisələri – Bakı Baş Səhiyyə
Mərkəzinin nəzdindəki 4 nömrəli Şəhər Poliklinikasının, Gəncə Şəhər
Birləşmiş Xəstəxanasının, eləcə də Yevlax və Göygöl rayon mərkəzi
xəstəxanalarının həkimlərindən ibarət olub.
Ümumilikdə 923 vətəndaşa pediatr, terapevt, endokrinoloq,
nevroloq, kardioloq, oftalmoloq və radioloq tərəfindən 2 350 tibbi
xidmət göstərilib.
Layihə çərçivəsində bölgədə yaşayan həssas əhali qrupuna daxil olan
müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi
müayinələrə cəlb olunub.
Həkim-mütəxəssislər vətəndaşlara zəruri tibbi məsləhətlər verib və
ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə
yönləndiriblər.
Layihə çərçivəsində müayinə və müalicələrin təyin olunması tədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi üçün söhbətlər aparılıb, xəstəliklərin ağırlaşmalarının qarşısının alınmasında erkən diaqnostikanın önəmi vurğulanıb.
Qeyd edək ki, “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinin digər ucqar bölgələrdə də keçirilməsi nəzərdə tutulur.