Bakı.Trend:
Bu ilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilin avqust ayına nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,6 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,9 faiz təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Qeyd olunub ki, 2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
Bildirilib ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.
"Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib.
Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsinin, beynəlxalq telefon danışıqlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib", - məlumatda qeyd olunub.