Bakı. Trend:
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkədə metroloji infranstrukturun təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənmələri və ilkin nəmlik ölçmələri üzrə 7 yeni laboratoriyanın açılışı olub.
Trend xəbər verir ki, yeni etalon laboratoriyalarının yaradılması ölkədə ölçmələrin beynəlxalq standartlara uyğun təşkili, yeni metodların tətbiqi, metroloji xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədini daşıyır.
Məlumata görə, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.21-ci bəndinə əsasən “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-də yeni laboratoriya şəbəkəsinin yaradılması nəzərdə tutulub. Strategiyaya uyğun olaraq, ümumilikdə 20 yeni laboratoriyanın yaradılması və 7 mövcud laboratoriyanın təkmilləşdirilməsi həyata keçiriləcək.
Artıq bu məqsədlə ötən ilin noyabrında həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 yeni etalon laboratoriyasının açılışı baş tutub.
Bu laboratoriyaların sənaye müəssisələrinin metroloji ehtiyaclarının ödənilməsi, elmi araşdırmalar, eyni zamanda ölkələrarası əməkdaşlıq üçün önəmli platforma olduğu vurğulanıb. Habelə gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və elmi-tədqiqat layihələrinin reallaşması üçün yaradılacaq imkanlardan bəhs olunub. Fotometrik ölçmələri laboratoriyasında işıq şiddəti, işıqlanma və işıq seli üzrə ölçmələr və cihazların kalibrlənməsi, Dalğa uzunluğu ölçmələri laboratoriyasında uzunluq vahidi olan metrin reallaşdırılması və ölkəmizdə izlənilmə zəncirinin təmin olunması, Xətti-bucaq ölçmələri laboratoriyasında uzunluq və bucaq kəmiyyətlərinin sənaye və aviasiya sahələrinə dəqiq ötürülməsi, Sərtlik ölçmələri laboratoriyasında isə metallurgiya, maşınqayırma, aviasiya və sənayedə istifadə olunan materialların sərtlik cihazlarının yoxlanması və kalibrlənməsi həyata keçiriləcək. Qüvvə ölçmələri laboratoriyasında müvafiq sahədə cihazların kalibrlənməsi ilə yanaşı, beynəlxalq izlənilməsi, Elektromaqnit çirklənmənin ölçülməsi laboratoriyasında yüksək gərginlik xətləri və mobil telekommunikasiya operatorlarına məxsus baza stansiyalarının yaratdığı elektromaqnit çirklənmənin ölçülməsi və ətraf mühitə təsirin azaldılması, İlkin nəmlik ölçmələri laboratoriyasında kimya, əczaçılıq, qida, səhiyyə və digər sahələrdə istifadə olunan nəmlik ölçmə cihazlarının yoxlanılması və kalibrlənməsi ilə bağlı işlər görüləcək.