...

Azərbaycanda 8 yeni laboratoriya qurulacaq - Elnur Bağırov

İqtisadiyyat Materials 10 Sentyabr 2025 12:07 (UTC +04:00)
Azərbaycanda 8 yeni laboratoriya qurulacaq - Elnur Bağırov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti dövrlərdə daha 8 yeni laboratoriyanın qurulması və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsi işləri həyata keçiriləcək.

Trend xəbər verir ki, bu sözləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Azərbaycan Metrologiya İnstitutu tərəfindən 7 yeni laboratoriyanın açılış mərasimində çıxış edərkən deyib.

O vurğulayıb ki, ölçmələrin dəqiqliyi və beynəlxalq tələblərə uyğunluğu isə iqtisadiyyatımızın bütün sahələrində ədalətli rəqabətin, sənaye və ixrac potensialımızın gücləndirilməsinin, habelə istehlakçı hüquqlarının qorunmasının əsas şərtlərindən biridir.

O bildirib ki, ölkə başçısının 2025-ci il 12 fevral tarixli Fərmanı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yenidən təşkil olunub.

"Bu islahat ölkədə rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarçılıq hallarının qarşısının alınması və bazarda sağlam biznes mühitinin təşviqi baxımından mühüm addım olmaqla iqtisadiyyatın dayanıqlı inkişafı üçün güclü institusional mexanizmin formalaşdırılması məqsədini daşıyır.

Bu strateji hədəflərin icrası məqsədilə Türkiyə Respublikasının Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun Milli Metrologiya İnstitutu (TUBİTAK UME) ilə geniş əməkdaşlıq çərçivəsində 12 laboratoriyanın yaradılması üçün müqavilə imzalanmışdır. 15 noyabr2024-cü il tarixində artıq 5 laboratoriyanın açılışı həyata keçirilmişdir. Bu gün isə həmin layihənin növbəti mərhələsi olaraq daha 7 müasir laboratoriyanın istifadəyə verilməsi münasibətilə buradayıq".

"Açılışını etdiyimiz laboratoriyalar aşağıdakı sahələri əhatə edir:
* Fotometriya – işıq axını və işıq intensivliyinin ölçülməsi
* Dalğauzunluğu – uzunluq və optik dalğaların dəqiq ölçmələri
* Xətti-bucaq – məsafə və bucaqların müəyyən edilməsi
* Qüvvə – qüvvə ölçmələri və standartlarının tətbiqi
* Sərtlik – materialların möhkəmliyinin qiymətləndirilməsi
* Elektromaqnit – elektrik və maqnit sahələrinin parametrlərinin ölçülməsi
* İlkin nəmlik – hava və materiallarda nəmlik göstəricilərinin təyini

Bu laboratoriyalar səhiyyə, energetika, sənaye, rabitə və digər sahələrdə dəqiq və izlənilə bilən ölçmələrin aparılmasına xidmət edəcək, milli etalon bazamızı gücləndirəcək və ölkəmizin beynəlxalq metrologiya standartlarına uyğunluğunu təmin edəcəkdir"- deyə o əlavə edib.

Onun sözlərinə görə, TUBİTAK UME və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bağlanılmış müqavilələrə uyğun olaraq növbəti dövrlərdə daha 8 yeni laboratoriyanın qurulması və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsi işləri həyata keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti