Bakı. Trend:
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) üçün maliyyələşdirmə mexanizmlərinin yaradılması vacibdir.
Trend xəbər verir ki, bunu Banqladeşin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun böyük elmi işçisi Məhəmməd Aşiq Rəhman (Mohammad Ashique Rahman) “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.
“AQEM hələ 2004-cü ildə, yaradılmasından beş il sonra etimadın möhkəmləndirilməsi və əsas prioritet istiqamətləri müəyyənləşdirdi. Bu istiqamətlər bu gün də mövcuddur, lakin onların uğurla həyata keçirilməsi üçün təşkilat innovativ yanaşma nümayiş etdirməlidir, çünki bu, onun fəaliyyətinin əsas sahəsidir. Bunun üçün AQEM-ə aydın struktur və kifayət qədər resurs lazımdır. Maliyyələşdirmə problem olaraq qalır, buna görə də təşkilatı öz qarşısında duran vəzifələri icra etmək üçün zəruri vəsaitlə təmin edəcək mexanizmlər və struktur yaratmaq vacibdir”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, həmçinin, AQEM regional təşkilat kimi gənclərin potensialından maksimum dərəcədə istifadə etməlidir. Gənclər təşkilatın proseslərinə cəlb olunmalıdır. Bir çox üzv dövlətlərdə gənclərin payı əhəmiyyətlidir və bu qrupu üzv dövlətlərin potensialının artırılması üçün resursa çevirmək vacibdir.
“Bundan əlavə, analitik mərkəzlər forumu üçün daha səmərəli iş planı vacibdir. AQEM-ə üzv ölkələrin analitik mərkəzləri daha fəal şəkildə tədqiqatla məşğul olmalıdır”, - deyə Məhəmməd Aşiq Rəhman vurğulayıb.