Bakı. Trend:
AQEM-in analitik araşdırmalar mərkəzlərinin forumuna Hindistan Beynəlxalq Məsələlər Şurası rəhbərlik edəcək.
Trend xəbər verir ki, bunu AQEM baş katibi Kayrat Sarıbay “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimində bildirib.
“Biz bərabər şəkildə forumun gələcək istiqamətini müəyyənləşdirə və onun gələcək inkişaf vektorunu təyin edə bilərik. Gələcəyə nəzər salaraq, bizim ümumi gündəliyimizin formalaşdırılması istiqamətində işlərin başlanmasını vacib hesab edirəm”, - deyə Sarıbay bildirib.
Sonda o, forumun bu gün Asiya qarşısında duran çağırışlar və imkanların dərin anlaşılmasında dəyərli rolunu qeyd edərək, AQEM Katibliyinin beyin mərkəzləri forumuna dəstəyini vurğulayıb.
“Gəlin AQEM ruhunu müəyyən edən dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin təşviqini davam etdirək”, - deyə Kayrat Sarıbay yekunlaşdırıb.