Bakı. Trend:
AQEM bir regional platforma və mexanizm olaraq beynəlxalq qarşılıqlı fəaliyyət sahəsində mövcud olan boşluqların doldurulması baxımından mühüm potensiala malikdir.
Trend xəbər verir ki, bunu Şanxay İctimai Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Van Çjen “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.
“AQEM-in əsas hərəkətverici qüvvəsi konsensusdur. Nəticə etibarilə, onun gələcəyi ilə bağlı əsas vəzifə, AQEM-in möhkəmləndirilməsi və inkişafıdır. Dünya geosiyasətindəki dəyişikliklər elə bir şərait yaradıb ki, çağırışların öhdəsindən birgə səylərlə gəlmək vacib olur. Bununla əlaqədar AEM regional platforma və mexanizm olaraq beynəlxalq qarşılıqlı fəaliyyət sahəsində mövcud olan boşluqların doldurulması üçün mühüm potensiala malikdir”, - deyə Van Çjen vurğulayıb.
O əlavə edib ki, AQEM qarşısına qoyduğu hədəflərə nail ola bilməsi üçün onun institusional səmərəliliyini artırmaq vacibdir.
“Məlumdur ki, AQEM artıq sammitlərdən ixtisaslaşmış mərkəzlərə qədər müxtəlif sahələri əhatə edən geniş iş mexanizmi formalaşıb. Lakin gələcəkdə bu strukturu qorumaqla yanaşı, onun səmərəliliyini də artırmaq vacibdir”, - deyə direktor müavini vurğulayıb.