Bakı. Trend:
Xəzərdə suyun səviyyəsinin azalmasına qarşı dünya ölkələri birlikdə mübarizə aparmalıdırlar.
Bunu Nevada Universitetinin professoru David Kreamer bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılış mərasimi çərçivəsində Trend-ə açıqlamasında deyib.
O əvvəlcə konfransla bağlı təəssüratlarını bölüşüb: "Konfrans çox yaxşı təşkil olunub. Burada olmaqdan çox məmnunam. Burada müzakirə olunacaq bütün mövzular çox maraqlıdır".
Professor daha sonra Xəzər və Urmiya gölündə susuzlaşmaya qarşı
mübarizə üsullarından da bəhs edib: "Urmiya gölü, demək olar ki,
tam quruyub. Həmçinin Xəzər dənizinin də suyu müəyyən dərəcədə geri
çəkilib. Bu problemlə bütün ölkələr birlikdə işləməlidirlər. Bu,
təkcə yerüstü sulara deyil, həm də yeraltı sulara aiddir.
Mən deyərdim ki, gələcəkdə elm və texnologiya bu sahədə mühüm rol
oynayacaq. Elm və texnologiyanın edə biləcəyi çox şey var. Dünyanın
bir çox yerlərində suları qoruma üsulları tətbiq olunub. Su
itkisini azaltmaq, səmərəli istifadə olunmayan suları qorumaq
mümkündür. Bununla yanaşı, çirkab sularının təmizlənməsi, suyun
təkrar istifadəsi və dəniz suyunun duzsuzlaşdırılması kimi
üsullarla su ehtiyatlarını artırmaq olar. Məncə, gələcək üçün bu
həll yolları çox vacibdir".
"Nəhayət, onu da qeyd edim ki, suyun böyük hissəsi kənd təsərrüfatında istifadə olunur.
Bəzi hallarda damcılı suvarma və suya qənaət edən üsullar baha başa gəlir, amma düşünürəm ki, gələcəkdə kənd təsərrüfatında daha çox suya qənaət tədbirləri tətbiq ediləcək", - deyə David Kreamer vurğulayıb.