...

Azərbaycan laboratoriyaları COOMET tədqiqatlarında iştirak edəcəklər

İqtisadiyyat Materials 10 Sentyabr 2025 12:15 (UTC +04:00)
Azərbaycan laboratoriyaları COOMET tədqiqatlarında iştirak edəcəklər
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandakı yeni laboratoriyalar COOMET- Avrasiya Metrologiya Qurumlarının Assosiasiyası çərçivəsində aparılacaq tədqiqatlarda iştirak edəcəklər.

Trend xəbər verir ki, bunu COOMET prezidenti Lazizbek Saidoripov Azərbaycan Metrologiya İnstitutunun yeddi yeni laboratoriyasının açılışı mərasimi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

“Bu gün biz unikal hadisəyə - Azərbaycan Metrologiya İnstitutunun yeni laboratoriyalarının açılışına şahidlik edirik. Bu laboratoriyalar təkcə Azərbaycanda sənayenin inkişafına deyil, həm də elm, texnologiya və iqtisadiyyata xidmət edir. Azərbaycan Metrologiya İnstitutu COOMET-də çox mühüm rol oynayır, bütün layihələrdə iştirak edir. Dünən biz COOMET komitəsinin iclasını keçirdik və iştirakçı ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Hazırda Azərbaycan, Türkiyə və Özbəkistan COOMET çərçivəsində yeni təşəbbüsləri irəli sürməkdədirlər”, – deyə o bildirib.

Saidoripov hesab edir ki, bu, institutda aparılan işlərin beynəlxalq tanınmasını təmin edir.

“Beləliklə, biz həm iqtisadiyyata, həm texnologiyanın inkişafına kömək edirik. Əgər institut beynəlxalq tanınma qazanırsa, o, bəzi proses və prosedurların təkrarlanmasına ehtiyac olmadan beynəlxalq bazarlara çıxış əldə edir. Eyni zamanda, əməkdaşların potensialının artırılması, kvant metrologiyası və informasiya transformasiyası kimi yeni texnologiyaların tətbiqi istiqamətində də sıx əməkdaşlıq aparılır. Bu istiqamətdə biz bu gün biliklərin ötürülməsi, paralel təcrübə proqramlarının keçirilməsi, yeni etalonların sınaqlarının aparılması kimi əsas məqamları müzakirə etdik.

Bu gün təntənəli şəkildə açılışını etdiyimiz həmin yeddi yeni etalon COOMET çərçivəsində tədqiqatlarda iştirak edəcək, bununla da beynəlxalq səviyyədə ekvivalentliyi təsdiqləyəcək və inkişaf etmiş institutlarla birgə laboratoriya araşdırmaları aparacaq.

Bu laboratoriyaların unikallığı ondadır ki, burada Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə birbaşa təsir göstərən çox dəqiq ölçülmələr həyata keçirilir. Bununla da Azərbaycan Metrologiya İnstitutu yeni investisiyaların cəlb edilməsinə töhfə verir və ölkə iqtisadiyyatının inkişafına yardım edir”, - deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti