...

Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi strateji əhəmiyyət daşıyır - Sədr

Cəmiyyət Materials 10 Sentyabr 2025 10:14 (UTC +04:00)
Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi strateji əhəmiyyət daşıyır - Sədr
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi strateji əhəmiyyət daşıyır. Son illərdə ölkəmizdə bu sahədə geniş islahatlar həyata keçirilir, milli su strategiyası hazırlanıb və uğurla icra olunur.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılış mərasimində deyib.

O vurğulayıb ki, məqsəd həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir: "Əminəm ki, bu həftə ərzində keçiriləcək panel müzakirələr, təqdimatlar və fikir mübadilələri milli su strategiyamızın hədəflərinə çatmaqda mühüm rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.

Bu fürsətdən istifadə edərək tədbirin yüksək səviyyədə təşkilinə dəstək verən dövlət qurumlarına, tərəfdaş təşkilatlara və bütün iştirakçılara təşəkkürümü bildirirəm".

"Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün bizimlə bərabər hörmətli dövlət rəsmilərimiz – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi cənab Muxtar Babayev, Ekologiya və Təbii Sərvətlər naziri cənab Rəşad İsmayılov və Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov da iştirak edirlər. Onların bu tədbirə qatılması ölkəmizdə su ehtiyatlarının idarə olunmasına verilən yüksək dövlət qayğısının göstəricisidir", - deyə sədr qeyd edib.

Xəbər lenti

Xəbər lenti