Bakı. Trend:
Artıq yalnız içməli suyun deyil, sənaye və tullantı sularının da yüksək standartlarla emalı mümkündür.
Trend xəbər verir ki, bunu “MEGA a.s.” korporasiyasının Əsas müştərilər üzrə meneceri Mixal Yirdasek Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O, suyun təmizlənməsi və duzsuzlaşdırılmasında tətbiq edilən ən son texnologiyalar barədə danışıb. Bildirib ki, artıq yalnız içməli suyun deyil, sənaye və tullantı sularının da yüksək standartlarla emalı mümkündür: "Biz suyun təmizlənməsi üçün müxtəlif üsullar – tərs osmoz, elektrodializ və onların kombinasiyalarından istifadə edirik. Xüsusilə “sıfır maye atığı” (Zero Liquid Discharge) texnologiyası diqqət çəkir: bu üsulla emaldan sonra heç bir su yenidən çay və ya digər su mənbələrinə qaytarılmır".
Yirdasek vurğulayıb ki, elektrodializ texnologiyası tərs osmoza nisbətən daha yüksək konsentrasiya səviyyəsinə çatmağa imkan verir. Bu isə həm enerji sərfiyyatını azaldır, həm də böyük avadanlıqlara olan tələbi minimuma endirir:
“Mega” şirkətinin yanaşması membran texnologiyalarını birləşdirərək maksimum su bərpasını, minimum kimyəvi maddə istifadəsini və karbon izinin azalmasını təmin edir. Bundan başqa, şirkət müştərilərə “turnkey” konteyner həlləri də təklif edir – bütün su təmizləmə avadanlığı xüsusi konteynerlərdə quraşdırılaraq istənilən yerə daşına bilir".
Yirdasek bildirib ki, dünyada elektro-membran texnologiyalarını istehsal edən cəmi bir neçə şirkət var. Onun sözlərinə görə, bu texnologiya yaxın gələcəkdə suyun emalı sahəsində inqilabi dəyişikliklər yaradacaq.