Bakı. Trend:
Vəfat edən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, gözləməlidir ki, məsələn, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, yoxsa yox.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Millət vəkili vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.
“Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30 %-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğdən isə ənənəvi olaraq pensiya yaşına çatanda istifadə edilsin. Bu da ailə başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”, - deyə deputat vurğulayıb.
Komitə sədri Musa Quliyev isə bildirib ki, Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanun layihəsi hazırlanır.
“Təklif etdiyiniz məsələ əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün yaxşı təklifdir. “Özəl pensiya fondları haqqında” qanun layihəsi gələndə həmin məsələyə baxa bilərik”, - deyə komitə sədri fikrini tamamlayıb.