Bakı. Trend:
Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə Rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Bankın son dövrlərdəki fəaliyyəti, Azərbaycan ilə QDTİB arasında mövcud tərəfdaşlıq münasibətləri, ölkəmizin Bankdakı təmsilçiliyi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edilib ki, QDTİB 2024-cü ildə mürəkkəb geosiyasi vəziyyətdə ehtiyatlı konsolidasiya siyasətinə sadiq qalaraq uğurlu fəaliyyətini davam etdirib. Bankın 2023–2026-cı illəri əhatə edən Orta Müddətli Strategiya və Biznes Planının ilk mərhələsinin uğurla icra olunması, 2024-cü ildə əldə edilmiş nəticələr və 2025-ci ilin ilkin göstəriciləri qurumun əməliyyat imkanlarını və maliyyə dayanıqlılığını nümayiş etdirir.
Azərbaycanın cari iqtisadi vəziyyəti və müsbət tendensiyalar barədə qonaqları məlumatlandıran S.Babayev ölkəmizdə neftdən kənar sahələrin inkişafı istiqamətində ardıcıl addımlar atıldığını, kənd təsərrüfatı, İKT, istehsal, logistika, yaşıl enerji kimi sahələrdə əhəmiyyətli nəticələr əldə olunduğunu və bu islahatların ölkə iqtisadiyyatının dayanıqlılığını artırmaqla yanaşı, inklüziv və uzunmüddətli inkişafı təmin etdiyini bildirib.
Nazir Orta Müddətli Strategiya və Biznes planının ikinci mərhələsinə başlanmasını yüksək qiymətləndirərək, resurs bazasının genişlənməsi və Bankın idarə heyətinin tam formalaşdırılmasının qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına imkan yaradacağına əminliyini ifadə edib. Həmçinin, nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası konteksində nəqliyyat və logistika infrastrukturunun inkişafına QDTİB-nin sərmayə yatırmasının önəmi vurğulanıb.
Səfər çərçivəsində iki bankla müqavilənin imzalanması müsbət addım kimi qiymətləndirilib, ölkəmizdə daha çox əməliyyatın həyata keçirilməsi və xüsusilə özəl sektora birbaşa kreditlərin verilməsi vacib hesab olunub.
Öz növbəsində Serhat Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçün strateji əhəmiyyət daşıdığını bildirib və ölkəmizdə həyata keçirilən islahatların maliyyə institutları üçün yeni imkanlar açdığını vurğulayıb. O, QDTİB-in Azərbaycanda daha geniş miqyaslı layihələrdə iştirak etməkdə maraqlı olduğunu və birgə təşəbbüslərin dəstəklənəcəyini qeyd edib.