Bakı. Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası konkret iş üzrə qəbul etdiyi qərarda əməlin hansı halda dələduzluq kimi qiymətləndirilməli olduğunu açıqlayıb.
Trend xəbər verir ki, cinayət qanunu normasının
tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə
təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən
Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq,
yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını
ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq
hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ
keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı bir
öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və
qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak
hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və
digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər.
(məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda,
hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə
əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs
Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən
öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli
olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini
qabaqcadan görməli və bunları arzu etməlidir.
Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə
ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin
dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti
kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak
hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə
etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun
mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi
zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka
olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə
həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından
sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə
sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun
ona verilməsinə nail olur.
Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir.
Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi
qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən
əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması
müəyyən edilməlidir.