Bakı. Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.
Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 29,0 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4 faiz, tütün məmulatlarının istehsalı 8,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 0,7 faiz artmış, neft məhsullarının istehsalı 0,1 faiz, içkilərin istehsalı 0,4 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,3 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 13,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,0 faiz, geyim istehsalı 20,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 22,1 faiz, poliqrafiya məhsullarının istehsalı 23,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 faiz, kağız və karton istehsalı 26,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 29,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faiz artıb.