Bakı. Trend:
Əgər çirkab sular üzrə emissiyaların azaldılması potensialını istifadə etsək, 2030-cu ilə qədər 218 milyon ton CO₂ ekvivalenti qədər, yəni 36% azalma əldə edə bilərik.
Trend xəbər verir ki, bunu SOCAR Baş Ofisin Ətraf mühitin idarə olunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O bildieib ki, lakin çirkab suların təmizlənməsi olduqca bahalı təşəbbüsdür və böyük maliyyə yatırımları tələb edir: "Bu səbəbdən 2030-cu ilə qədər yalnız 35% azalma mümkündür və onlardan yalnız 1%-i sərfəli həllər hesab olunur. 35%-lik hissə isə hər ton CO₂ üçün 30%-dən çox xərclər tələb edir".
M. Hacıyeva qeyd edib ki, dünyanın beşdəbir su hövzəsi ya daşqınlardan, ya da quraqlıqlardan təsirlənir, Azərbaycan da istisna deyil, o da həmin prosesin bir hissəsidir: "Son 50 ildə ən böyük buzlaq itkilərini yaşayırıq. Fəlakətlərin təsirləri nəticəsində zərər çəkmiş insanların 90%-i və infrastruktur itkilərinin 95%-i məhz su ilə bağlı fəlakətlərlə bağlıdır.
Əlbəttə, suyun keyfiyyəti ilə bağlı təhlükələr də var. Daşqınlar baş verəndə Azərbaycan da bundan kənarda qalmır. Son illərdə, xüsusilə bu il və ötən il böyük daşqınlar oldu, nəticədə qum və müxtəlif çirkləndiricilər qarışaraq su anbarlarına axıdıldı".
SOCAR rəsmisi çıxışında çirkab su məsələsinə toxunub və iqlim dəyişikliyi üzrə bir sıra məqamları diqqətə çatdırıb: "Çirkab sular da metan emissiyalarının mənbəyidir və qlobal miqyasda qeyri-CO₂ emissiyalarının 5%-ni təşkil edir. 2030-cu ilə qədər 609 milyon ton CO₂ ekvivalenti həcmində emissiyaya çatacağı gözlənilir ki, bu da qeyri-CO₂ emissiyalarının 5%-ni təşkil edəcək. Ən böyük payı isə Çin, Meksika, Hindistan, ABŞ və Nigeriya kimi ölkələr tutur — 356 milyon ton CO₂ ekvivalenti, qalan dünya isə 42%. Bunun səbəbi isə aydındır: əhali artdıqca, daha çox çirkab su yaranır və nəticədə daha çox metan emissiyası meydana çıxır".
Dünyada çirkab su və su xidmətlərinin ümumi elektrik enerjisi istifadəsinin təxminən 3-4%-ni təşkil etdiyini vurğulayan SOCAR rəsmisi bildirib ki, bu da əhəmiyyətli istixana qazı emissiyaları ilə bağlıdır: "Azərbaycan və ümumiyyətlə qlobal səviyyədə, Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında olsa da, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişi çərçivəsində öz emissiyalarını hesabat verməlidir. Milli istixana qazı inventarlarının hazırlanması bütün iqtisadi sahələr üçün vacibdir və çirkab sular da metan (CH₄) və azot oksidi (N₂O) emissiyalarının əsas mənbəyi olaraq bu prosesdə istisna deyil.
Azərbaycanda iri tullantı sularının təmizlənməsi qurğularının hamısı Xəzər dənizinin sahilində yerləşir və birbaşa Xəzərə axıdılır. İqlimlə bağlı problemlər, məsələn, Xəzər dənizinin səviyyəsinin enməsi zamanı axıdıcı xətlərin problemləri yaranır. Yəni tullantı suları müəyyən dərinliklərdə Xəzərə buraxılmalı olur, lakin dənizin səviyyəsi aşağı düşdüyünə görə tullantıların qarışma səviyyəsinə çatmaq mümkün olmur. Buna görə də təmizləmə və axıdılma standartlarına nail olunmur".
M. Hacıyevanın sözlərinə görə, Azərbaycanda, xüsusən Abşeron yarımadasında və mərkəzi bölgələrdə yağıntının miqdarı artıb: "Amma yağış sularının yığılması sistemi zəifdir. Nəticədə yağış suları kanalizasiya ilə qarışaraq tullantı sularının təmizlənmə qurğularına düşür. Bunun nəticəsi tullantıların təmizlənmə səmərəliliyinin azalmasıdır, çünki böyük həcmdə qarışıq suyu səmərəli şəkildə təmizləmək mümkün deyil. Bəzi hallarda isə həmin qarışıq sular birbaşa Xəzərə ötürülür. Zəif idarəetmə nəticəsində tullantıların təmizlənməsi zamanı yaranan istixana qazlarının, xüsusən də emissiyaların miqdarı artır".
"İqlim amillərini nəzərə alan dizayn standartları və fövqəladə hallara cavab planları hazırlanmalıdır. Başa düşülüməlidir ki, tullantı sularının təmizlənməsi qurğularının sel suları ilə qarışaraq ciddi təhlükə yaratması artıq fövqəladə vəziyyət səviyyəsindədir", - deyə M. Hacıyeva əlavə edib.