Bakı. Trend:
Bakı üçün su infrastrukturunun inkişafını davam etdirmək xüsusilə önəmlidir.
Trend xəbər verir ki, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının (“Baku Water Week” – “Bakı Su Həftəsi”) “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” mövzulu panel müzakirələrində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, paytaxt üçün prioritet istiqamətlər su hövzələrinin qorunması və idarə olunması, həmçinin ənənəvi infrastrukturun – suvarma və drenaj sistemlərinin bərpasıdır.
Durrani-Camal vurğulayıb ki, iqlim dəyişikliyi həm su sektoruna investisiyalar üçün təhdidlər, həm də imkanlar yaradır. Perspektivli istiqamətlər arasında o, məlumat və texnologiyalardan istifadəni – su resurslarının sensor və peyk monitorinqindən tutmuş sənaye və ev təsərrüfatlarında suyun səmərəli istifadəsi üçün ağıllı sayğaclara, eləcə də, proqnozlaşdırma və rəqəmsal modelləşdirmə üçün süni intellektin tətbiqini qeyd edib.
O, həmçinin, təbii həllərin, məsələn, meşələrin bərpası və su hövzələrinin idarə olunmasının əhəmiyyətini vurğulayıb. Bu tədbirlər həm dövlətlər, həm də yerli icmalar üçün nisbətən ucuz və səmərəli ola bilər, suyun istifadəsini və qorunub-saxlanılmasını yaxşılaşdıra bilər.