Bakı. Trend:
Kənd məktəblərində sürətli və stabil internetin yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə proqramı hazırlanmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova komitənin bugünkü iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, məktəblərdə pulsuz təhsil interneti tətbiq olunmalıdır:
“Eləcə də regional laboratoriya mərkəzlərinin yaradılmasına ehtiyac var. Hər rayonda ən azı bir tədris-laboratoriya kompleksi yaradılmalı və yaxınlıqdakı kənd məktəbləri bu mərkəzdən istifadə etməlidir.Bu komplekslərdə fizika, kimya, biologiya və robot texnikası üzrə praktiki dərslər təşkil edilməlidir.
Bu gün regionlarda fizika, kimya, biologiya fənlərinin praktiki dərsləri çox vaxt yalnız nəzəriyyə ilə məhdud qalır. Bu isə şagirdlərdə həmin fənnə marağın azalmasına səbəb olur. Regionlarda ən azı “regional laboratoriya mərkəzləri” yaradıla bilər ki, yaxınlıqdakı bir neçə kənd məktəbi buradan istifadə etsin. Bu, həm maliyyə baxımından qənaətlidir, həm də şagirdlərə praktiki təcrübə qazandırır”.
Deputat əlavə edib ki, region məktəblərində çalışan müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlər görülməlidir - maddi bonus, yaşayış şəraiti, peşəkar inkişaf kursları təmin olunmalıdır.