Bakı. Trend:
Son 15 il ərzində “ACWA Power” bir kubmetr suyun istehsalı üçün enerji sərfiyyatını 15 kVt·saatdan 2,7 kVt·saata endirib.
Trend xəbər verir ki, bunu “ACWA Power” baş direktoru Marko Arçelli Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiyasında çıxışı zamanı deyib.
“ACWA Power – dünyada duzsuzlaşdırma texnologiyaları sahəsində ən böyük şirkətdir. Bizim gücümüz dörd ölkədə gündə 9 milyon kubmetrdən çoxdur, tezliklə bu göstərici altı ölkəyə çatacaq. Biz bütün son tenderlərin qalibi olmuşuq, çünki texnologiyaları daim təkmilləşdiririk. Bu gün duzsuzlaşdırma qiymət baxımından rəqabətə davamlıdır, etibarlıdır və sabit təchizat təmin edir”,- deyə Arçelli bildirib.
Onun sözlərinə görə, şirkət fəaliyyətinə rəqəmsal texnologiyalar və süni intellekti tətbiq edir. Əvvəllər həftəlik su testləri keçirilirdisə, indi onlayn monitorinq aparılır, stansiyanın rəqəmsal oxşarı yaradılır, kimyəvi maddələrin istifadəsi real vaxtda optimallaşdırılır. Bu, xərcləri azaldır və ekoloji yüklənməni minimuma endirir.
Arçelli vurğulayıb ki, su çatışmazlığı problemi qlobal səciyyə daşıyır: bu, təkcə inkişaf etməkdə olan ölkələrə deyil, bütün dünyaya aiddir və gələcəkdə daha da kəskinləşəcək.