...

Azərbaycanda beynəlxalq IT şirkətinin mərkəzi açılıb

Telekommunikasiya Materials 11 Sentyabr 2025 11:07 (UTC +04:00)
Azərbaycanda beynəlxalq IT şirkətinin mərkəzi açılıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 11-də “Andersen Lab” beynəlxalq IT şirkətinin Azərbaycandakı mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, Mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə Azərbaycan İnnovasiya Mərkəzində fəaliyyətə başlayıb.

Dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3700-dən çox mütəxəssisi birləşdirən şirkət ötən ilin oktyabrından etibarən ölkəmizdə texnopark rezidenti statusu ilə çalışır.

Açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Mərkəzin və layihənin əhəmiyyəti barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov çıxış edib. Daha sonra “Andersen Lab” şirkətinin təsisçisi Aleksandr Komiç və vitse-prezident Denis Astaçpeniya mərkəzin fəaliyyəti və proqram istiqamətləri barədə təqdimat ediblər. Tədbirdə həmçinin şirkətin dövlət orqanları ilə əlaqələr direktoru Kirill Rudi iştirak edib.

Yeni mərkəz gənclərə yalnız nəzəri biliklər deyil, həm də real layihələr üzərində işləmək imkanı təqdim edir. Burada gənc mütəxəssislər biliklərini praktikada möhkəmləndirə, beynəlxalq səviyyədə tələb olunan bacarıqlar əldə edə bilərlər. Mərkəz həm də “Andersen Lab” Azərbaycandakı əməkdaşlarının rəsmi iş yeri funksiyasını yerinə yetirir.

Mərkəzin əsas hədəfləri insan kapitalının inkişafına dəstək vermək, İT sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldırmaq, həmçinin İKT xidmətlərinin ixracını gücləndirməkdir.

Hazırda mərkəzin ən iri layihələrindən biri “IT SkillsBridge” proqramıdır. Bu unikal proqram çərçivəsində iştirakçılar “Java”, “JavaScript”, biznes-analitika, keyfiyyətə nəzarət, “DevOps”, mobil proqramlaşdırma və layihə idarəetməsi üzrə bilik və bacarıqlar qazanırlar. Proqrama ümumilikdə 14 mindən çox müraciət daxil olub, seçimdən sonra 210 nəfər təhsilə buraxılıb. Müvafiq iştirakçılar “Andersen Lab”da işə qəbul edilərək əmək müqavilələri imzalayıb və təqaüdlərlə təmin olunublar. Proqramı uğurla başa vuran 100 nəfər “Andersen Lab”da fəaliyyətini davam etdirəcək və şirkətin qlobal layihələrinin iştirakçısı olacaqlar.

Proqram iştirakçılarının 30%-ni qadınlar, 70%-ni isə kişilər təşkil edir. Yaş tərkibinə görə: 50% iştirakçı 20–25 yaş aralığında, 30% 25–30 yaş aralığında, 20% isə 30–35 yaş aralığındadır.

Proqram Azərbaycan İT mütəxəssislərinin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək və ölkənin qlobal rəqəmsal xidmətlər bazarına sürətli inteqrasiyası üçün şərait yaradacaq. Nəticədə İKT xidmətlərinin ixracının artacağı və həyata keçirilən layihələr hesabına ölkə iqtisadiyyatına əlavə gəlirlərin daxil olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti