...

Azərbaycanda milli elektron su atlasının hazırlanmasına başlanılıb

İqtisadiyyat Materials 11 Sentyabr 2025 12:50 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda elektron su təsərrüfatı informasiya sisteminin və coğrafi informasiya texnologiyalarına əsaslanan milli su atlasının yaradılması üzərə işlərə başlanılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən layihəyə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") və digər qurumlar cəlb olunub: "Eektron su təsərrüfatı informasiya sistemi yaradıldıqdan sonra biz çaylardan, yeraltı və yerüstü su mənbələrindən başlayaraq son istehlakçıya qədər suyun balans və uçotunu əldə edəcəyik. Eyni zamanda suyun tənzimlənməsi, çatdırılması və istifadəsi ilə bağlı onlayn izlənilməsi və idarə edilməsi mümkün olacaq".

Sədr müavini vurğulayıb ki elektron su atlası Azərbaycanda ilk dəfə hazırlanır: "Atlasın əsas məqsədi ondan ibarətdir ki, ölkəmizin bütün su ehtiyatlarının, su ilə bağlı resursların, infrastrukturun, bütün yeraltı və yerüstü su mənbələrinin son nöqtələrə çatdırılması ilə bağlı vahid coğrafi məlumat bazasında toplansın. Bu sistem digər dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya olunacaq və geniş imkanlara malik elektron, onlayn interfeysə sahib olacaq".

"Bu işlər tamamlandıqdan sonra aidiyyəti qurumlar, şirkətlər və su istifadəçiləri sistemdən rahatlıqla yararlana biləcəklər. Bütün bunların məqsədi ölkəmizdə dayanıqlı, keyfiyyətli su təminatının həyata keçirilməsidir", - deyə sədr müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti