Bakı. Trend:
Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil almasına imkan yaradan "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-cı illər üçün Dövlət Proqramı" bu günə kimi minlərlə tələbənin həyatını dəyişib. Bu proqram sayəsində bizim gənclər yalnız yüksək keyfiyyətli təhsil almaqla kifayətlənmir, həm də Azərbaycanın beynəlxalq elmi-akademik nüfuzunu yüksəldirlər. Strateji əhəmiyyətli layihə kimi “2022–2028-ci illər üçün Dövlət Proqramına” görə Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Həmçinin bu proqramın ardıcıl icrası istiqamətində son illər Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi xeyli iş görüblər.
Xaricdə təhsil üzrə Dövlət Proqramı ölkənin insan kapitalına edilən ən qiymətli sərmayələrdən biridir. Neft Fondunda toplanan vəsaitlər sayəsində minlərlə gənclərimiz xaricdə təhsilə göndərilir. Dövlət Proqramı sayəsində gənclər elm, texnologiya, fundamental və tətbiqi elmlər, mühəndislik, ictimai elmlər və digər sahələrdə dünya təcrübəsini öyrənərək artıq Azərbaycan cəmiyyətinə fayda gətirirlər. Təəcüblü deyil ki, ötən il ölkə rəhbərliyinin qərarı ilə Dövlət Proqramının müddəti uzadıldı, həmçinin xaricə gödəriləcək bizim tələbələrin kvotası 500-dək artırıldı.
Lakin burada bir məqama xüsusi diqqət yetirmək lazımdır: Dövlət Proqramının maliyyə şərtləri və tələbələrin xaricdə təhsil xərcləri illər öncə təsdiq olunub. Son illər ərzində isə həm Azərbaycanda, həm də dünyada qiymətlər dəfələrlə artıb, amma DP üzrə maliyyələşdirmə qaydaları dəyişməz qalıb.
Məsələn, azərbaycanlı tələbələr arasında çox populyar olan Böyük Britaniyada Dövlət Proqramı ilə ayrılan aylıq yaşam xərci 1300–1500 funt sterlinq təşkil edir. Bunun təxminən 700–800 funtu yataqxana yaxud kirayə mənzilə sərf olunur. Qalan məbləğ isə qida, nəqliyyat, tədris materialları və digər gündəlik xərclərə çatmalıdır. Bu gün Britaniya və digər Qərb ölkələrində inflayasiya çox sürətlə artır və yaşam xərcləri mütəmadi qaydada yüksəlir. Nəticədə indi bizim oradakı tələbələr çox vaxt Bakıda yaşayan valideynlərinin əlavə maddi dəstəyinə ehtiyac duyurlar.
Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, bu işə məsul qurumlar proqram üzrə xərclər normasına yenidən baxmalı və rəqəmləri müasir iqtisadi reallıqlara uyğunlaşdırmalıdırlar. Dövlət Proqramının aylıq xərclər norması əhatəli şəkildə yenidən gözdən keçirilməli və müasir inflyasiya və yaşayış səviyyələrini nəzərə alaraq büdcə artımı təmin edilməsi yaxşı olardı.
Ümumilikdə isə Dövlət Proqramı Azərbaycanın gələcəyinə yönəlmiş strateji bir layihədir. Xaricdə təhsil alan gənclərimiz sabahın peşəkar mütəxəssisləri, alimləri və liderləri olaraq ölkənin inkişafına töhfə verirlər. 2022–2028-ci illər üçün Dövlət Proqramı — insan kapitalına yönələn strateji bir investisiyadır. Onun sayəsində gənclər dünya təhsil sisteminə inteqrasiya olunur, ali akademik mühitlərdən faydalanır və ölkənin sosial-iqtisadi inkişafına bilavasitə töhfə verir. Şübhəsiz ki, bu gün təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır.
R. Əhmədova