Bakı. Trend:
Dünyanın çirkab suların təmizlənməsi üzrə ixtisaslaşmış aparıcı şirkətlərindən olan Almaniyanın “BIOWORKS” şirkəti hal-hazırda Abşeron yarımadasının yaşılaşdırılması və suvarılması üçün sudan təkrar istifadə üzrə layihə hazırlayır.
Bunu Trend-ə “BIOWORKS” şirkətinin regional nümayəndəsi Yusif Məmmədli Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində (“Baku Water Week” – “Bakı Su Həftəsi”) deyib
“Hal-hazırda biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə texniki ehtiyaclar, o cümlədən suvarma üçün təmizlənmiş suyun təkrar istifadəsini nəzərdə tutuan layihə üzrə əməkdaşlıq edirik. Əsas məqsədimiz Azərbaycanda təmizlənmiş suların yalnız Abşeronda deyil, ölkənin digər bölgələrində də ikinci dəfə istifadəsini təmin etməkdir”, – o bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda artıq 3 layihə gerçəkləşdirib. Şamaxı və Şahbuzda “BIOWORKS”un tətbiq etdiyi innovativ texnologiyalar əsasında uzunmüddətli aerasiya sistemləri qurulub. Naxçıvanda su təmizlənməsinin ən yüksək səviyyəsini təmin edən membran bioreaktor sistemi (MBR) qurulub.
Qeyd edək ki, 2007-ci ildə Münhen şəhərində yaradılmış “BIOWORKS” şirkəti texniki və digər ehtiyacların qarşılanması üçün çirkab və sənaye sularının sonradan istifadə imkanı ilə təmizlənməsi ilə məşğul olur.