Bakı. Trend:
Niderlandın ING bank qrupu yaxın illər üçün Azərbaycanda ümum daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu dərc edib.
Bu barədə Trend ING-yə istinadən xəbər verir.
Sənədə əsasən, 2025 və 2026-cı illərdə Azərbaycanda iqtisadi artım müvafiq olaraq 2,2 faiz və 2,5 faiz təşkil edəcə. 2027-ci ildə isə artım tempinin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.
ING-nin qiymətləndirməsinə görə, rüblər üzrə bölgüdə 2025-ci ilin dördüncü rübündə Azərbaycanın ÜDM artımı 4,5 faiz təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 83 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydə alınıb. ÜDM-in strukturunda 34,9 faiz sənayenin, 10,3 faiz ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,1 faiz nəqliyyat və anbar təsərrüfatı, 6,3 faiz kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, həmçinin tikinti, 2,8 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faiz informasiya və rabitə sahəsinin, 20,7 faiz isə digər sektorların payına düşüb. Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in ümumi həcminin 9,8 faizini təşkil edib.