Bakı. Trend:
Qarşıdakı 3-5 il ərzində Azərbaycan və Belçika arasındakı əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə artımı gözlənilir, ələlxüsus da logistika sahəsində, belə ki, bir çox Belçika şirkətləri Orta dəhlizə maraq göstərirlər
Bunu Belçika-Azərbaycan ticarət palatasının sədri Stef Qoris Trend-ə verdiyi müsahibədə deyib.
“Missiyanın iştirakçıları arasında Belçikanın iri intermodal şirkəti və beynəlxalq ekspeditoru olan “MOVE Intermodal” şirkətinin baş direktoru Lyuk Drissen də yer alırdı. O, Bakıda və marşrutun digər sahələrində - ta Çinə və Uzaq Şərqə qədər olan ərazidə, birgə fəaliyyətin inkişafı üçün biznes-tərəfdaş axtarır. Belçikalı şirkətlər də məhz indi bunu kəşf edirlər”, - deyə Stef Qoris bildirib.
Palata sədri əlavə edib ki, “MOVE Intermodal” böyük ehtimalla “Helman Worldwide Logistics” ilə uğurlu razılaşmaya nail olacaq. “Bu çox böyük bir razılaşma ola bilər. Şirkət Bakıya ilk dəfə gəlib və əvvəllər Azərbaycanda heç vaxt fəaliyyət göstərməyib. Biz onların səfərini təşkil etdik, üç–dörd gün ərzində işgüzar görüşlər keçirdik və konkret nəticələr əldə etdik ki, bu da əhəmiyyətli bir nailiyyətdir”, - o vurğulayıb.
Belçika şirkətləri xüsusi olaraq mettalurgiya sahəsinə maraq göstərirlər.
“Metallurgiya dedikdə biz təkcə qalvanasiya deyil, əlvan metalların istehsalı, onların emalı, təkrar istifadəsini nəzərdə tuturuq”, - Stef Qoris bildirib. Missiya çərçivəsində “Azer Aluminium” şirkəti və direktoru Maksim Poladovla məhsuldar görüş baş tutub.
Səfər zamanı həmçinin SOCAR və SOCAR Azerikimya-nın baş qərargahında ZINGAMETALL (ZINGA), “MOVE Intermodal”, “John Cockerill Hamon” və “Sarens Group” şirkətlərinin iştirakı ilə görüşlər keçirilib.
Missiyanın vacib nəticələrindən biri sənaye materiallarının və avadanlıqların təchizatı və tətbiqi üzrə ixtisaslaşmış Azərbaycan şirkəti – “Polad Texno” ilə əldə olunan razılaşmadır. Şirkət gələcəkdə belçikalı “ZINGAMETALL” şirkətinin, qoruyucu örtüklər və metal materiallar istehsalçısının məhsullarının distribyutoru olmağa hazırlaşır. “Polad Texno” məhsulların yerli bazarda mövcudluğunu təmin edəcək və onların tətbiqi üzrə ekspert dəstəyi göstərəcək.
S.Qoris həmçinin növbəti ticarət missiyasını yazın yaxınlarında təşkil etməyi planlaşdırdıqlarını bildirib.