Bakı. Trend:
Sentyabrın 12-də Rusiyanın Mərkəzi Bankı 2025-ci il ərzində ardıcıl olaraq 3-cü dəfə uçot dərəcəsini 1 faiz bəndi azaldaraq - illik 17 faizə endirib.
Trend xəbər verir ki, bu barədə Rusiyanın maliyyə tənzimləyicisinin pres-relizində deyilir.
“Cari qiymət artımının davamlı göstəriciləri əhəmiyyətli dərəcədə dəyişməyib və əsasən illik hesablamada 4 faizin üzərində qalır. İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağa davam edir. Son aylarda kreditləşmə artımı aktivləşib. İnflyasiya gözləntiləri yüksək olaraq qalır. Rusiya Bankı inflyasiyanı 2026-cı ildə hədəfə qaytarmaq üçün zəruri olan sərt pul-kredit şərtlərini dəstəkləyəcək.
Açar dərəcə üzrə növbəti qərarlar inflyasiyanın azalmasının davamlılığına və inflyasiya gözləntilərinin dinamikasına uyğun olaraq qəbul ediləcək. Rusiya Bankının proqnozuna əsasən, həyata keçirilən pul-kredit siyasəti nəzərə alınmaqla, illik inflyasiya 2025-ci ildə 6,0–7,0 faizə enəcək, 2026-cı ildə 4,0 faiz səviyyəsinə qayıdacaq və bundan sonra hədəfdə qalacaq”, – deyə Rusiya Bankı qeyd edib.