Bakı. Trend:
Orta Dəhlizin inkişafı əlavə büdcə xərclərini tələb edəcək, lakin fiskal intizam təcrübəsi və analoji ölkələrlə müqayisədə daha aşağı borc yükü hesabına müəyyən fiskal potensialın mövcudluğu “Moody’s”ə orta səviyyəli fiskal nəticələri proqnozlaşdırmağa imkan verir.
Trend bu barədə agentliyə istinadən xəbər verir.
“Uzunmüddətli perspektivdə iqtisadi gözləntilərin yaxşılaşması və diversifikasiya təsirləri daha geniş gəlir bazasını dəstəkləyə, eyni zamanda büdcənin şoklara qarşı dayanıqlığını artıra bilər”, - “Moody’s”in son hesabatında qeyd olunur.
Reytinq agentliyinin analitikləri vurğulayırlar ki, Orta Dəhliz boyunca yerləşən əsas iqtisadiyyatlar – Azərbaycan, Gürcüstan və Qazaxıstan, infrastrukturun müasirləşdirilməsi üçün tələb olunan mühüm resurslara malik olmalarına baxmayaraq, fiskal dayanıqlığı qoruyub saxlayıblar.
“Dövlət müəssisələri- ilk növbədə dəmir yolu şirkətləri, xərclərin mühüm bir hissəsini daşıyır. Ayrı-ayrı layihələr beynəlxalq institutlar tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilib ki, bu da xərcləri azaldıb. Həmin dövlət müəssisələri həm birbaşa büdcə vəsaitləri, həm də subsidiyalar alır. Belə ki, Qazaxıstanın nəqliyyat və rabitəyə çəkdiyi xərclər 2022–2024-cü illərdə illik orta hesabla 29 faiz artıb, halbuki əvvəlki onillikdə bu göstərici təxminən 9 faiz idi. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2021–2023-cü illərdə nəqliyyat və anbar təsərrüfatı sektoruna dövlətin əsas kapital qoyuluşları illik ifadədə 38 faiz artıb, halbuki əvvəlki on ildə onların ümumi kapital qoyuluşlarında payı orta hesabla cəmi 1 faiz təşkil edib”,- deyə hesabatda qeyd olunur.
“Moody’s” həmçinin vurğulayır ki, bu xərclərə baxmayaraq, ümumi fiskal dinamika sabit olaraq qalır.
“Hər üç dövlət pandemiya dövründə xərclərin kəskin artımından sonra əhəmiyyətli fiskal konsolidasiyaya nail olub. Büdcə kəsirləri antikrizis tədbirlərinin azaldılması və fiskal intizama riayət olunması fonunda güclü iqtisadi artım hesabına azalıb. Azərbaycanda yüksək neft qiymətləri son üç ildə əhəmiyyətli profisitlərin formalaşmasına şərait yaradıb. Qeyri-neft gəlirlərinin sürətli artımı da neft nəzərə alınmadan ilkin balansın azalmasına kömək edir, bu isə iqtisadiyyatın şaxələnməsini və neft qiymətlərindəki dəyişikliklərə davamlılığını göstərir. Güzəştli maliyyələşdirməyə çıxış da xarici borcun əlçatan səviyyədə saxlanmasına imkan yaradıb və həssaslığı azaldıb”,- sənəddə bildirilir.