Bakı. Trend:
Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) sonuncu günü start götürüb.
Trend xəbər verir ki, Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil olunmuş sərginin sonuncu gününün olmasına rəğmən, tədbirdə canlanma müşahidə olunur.
Bu gün 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində Xəzər Su İnnovasiyaları Forumunun keçiriləcəyi gözlənilir. Forumda dövlət strukturlarının nümayəndələri, o cümlədən Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat nazirliyi, həmçinin 10-dan çox ölkədən beynəlxalq şirkətlər, ölkənin aparıcı elmi və təhsil qurumlarının nümayəndələri iştirak edirlər.
Baku Water Week-in keçirildiyi üç gün ərzində Bakı Ekspo Mərkəzinin foyesində Azad Qarabağın ilk su anbarı olan “Zabuxçay” su anbarının, həmçinin “Şiber” su çarxının maketləri nümayiş etdirilir. Bundan əlavə, 1 nömrəli pavilyonda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin “Baku Water Week 2025-i xüsusi rəssamların gözü ilə” adlı rəsm əsərləri təqdim olunur.
Ümumilikdə, sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edir.
Sərgidə təqdim olunacaq məhsul və xidmətlər çoxşaxəlidir: analiz və laboratoriya texnologiyaları; bank xidmətləri; borular və boru kəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları; daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri; drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexniki qurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə və nəzarət texnologiyaları; su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya və kommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; su təsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyun duzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularının axıdılması və emalı sistemləri.