Bakı. Trend:
2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İnkişaf Edən Kiçik Ada Dövlətlərinin (SIDS) Sammiti baş tutdu. Prezident Əliyev çıxışında Azərbaycan ilə bu dövlətlər arasında yüksələn əməkdaşlıq səviyyəsindən, onların üzləşdiyi iqlim təhdidlərindən və qlobal ədalətə olan ehtiyacdan bəhs etdi.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev qeyd edib ki, COP29-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə kiçik ada dövlətləri ilə əməkdaşlığını gücləndirərək, onlara dəstək məqsədilə mühüm addımlar atıb.
"Prezident İlham Əliyev çıxışında kiçik ada dövlətlərinin qlobal arenada səsinin daha güclü eşidilməsinin vacibliyini vurğuladı və onları iqlim dəyişikliklərindən qorumaq üçün inkişaf etmiş ölkələri maliyyə və texniki dəstək göstərməyə çağırdı. O, Azərbaycanın keçmişdə bir sıra təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə yardım göstərdiyini və bu dövlətlərin Azərbaycan universitetlərində təhsil almaları üçün təqaüd proqramları təklif etdiyini xatırlatdı".
Politoloq vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 20-dən artıq kiçik ada dövlətinə humanitar və maliyyə dəstəyi verilib.
"Prezidentin də dediyi kimi, bu səylər Azərbaycanın COP29-a ev sahibliyi etdiyi müddətdə də davam edəcək. Sammit çərçivəsində Bakı Kommünikesi qəbul edilib və burada əlçatan iqlim maliyyəsinin əhəmiyyəti və COP29-un nəticəli olması məqsədilə səylərin gücləndirilməsinə çağırış edilib.
İqlim dəyişiklikləri dünya üzrə hər bir ölkəyə, o cümlədən, Azərbaycana təsir göstərməkdədir. Prezident Əliyev çıxışında Xəzər dənizinin dayazlaşması, qar səviyyəsinin azalması və əvvəllər Azərbaycanda müşahidə edilməyən daşqınların və kəskin yağışların artması kimi problemlərə diqqət çəkdi. Lakin o, kiçik ada dövlətlərinin bu təhdidləri ekzistensial bir təhlükə olaraq yaşadıqlarını vurğuladı".
A.Qarayev bildirib ki, Prezident İlham Əliyev çıxışında neokolonializmin iqlim ədaləti üçün yaratdığı çətinliklərə də toxundu.
"Fransa və Niderlandın Karib və Sakit okean regionlarındakı müstəmləkə əraziləri iqlim dəyişikliklərinin ciddi təsirlərinə məruz qalır. Yeni Kaledoniya və Fransa Polineziyası kimi ərazilərdə hələ də kolonial idarəçiliyin davam etdiyini qeyd edən Prezident, bu icmaların hüquqlarının tapdandığını vurğuladı. O, xüsusilə Fransa Polineziyasının 1966-1996-cı illərdəki 193 nüvə sınağından əziyyət çəkdiyini və radiasiya nəticəsində ətraf mühitin ciddi şəkildə zəhərləndiyini bildirdi".
Politoloq qeyd edib ki, bu gün ikili standartlar hər yerdə özünü göstərir. Avropa Parlamenti və Avropa Şurasının bu insan hüquqları pozuntularına qarşı laqeyd qalmasını isə siyasi ikiüzlülükdür.
"Azərbaycanın COP29 çərçivəsində inkişaf edən kiçik ada dövlətlərinə verdiyi dəstək iqlim ədaləti və qlobal miqyasda ətraf mühitə olan həssaslığı bu tədbirin əsas məqamlarından biri olub. Bu məqamlar Azərbaycanın iqlim məsələlərində qlobal liderlik iddiasını və ədalətə olan bağlılığını bir daha təsdiqləyir".