Bakı. Trend:
2025-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu heç də təsadüfi deyil. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ali qanunu olan Konstitusiyanın 30-cu və erməni silahlı qüvvələrin təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümüdür.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin Seyidzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, tariximizin son əsrlərinə nəzər saldıqda ölkəmizin müstəqilliyimiz və ərazi bütövlüyümüz uğurunda daim mübarizə apardığını görmək olar:
“Dünyada nadir xalqlardanıq ki, onun müasir təqvimində bu qədər “qara” tarixlər mövcuddur. 20-ci əsrin əvvəlində qisamüddətli müstəqilliyimiz dövrü – 31 mart, növbəti 70 il dövr ərzində - 20 yanvar və müasir müstəqil dövlətimizin dövrü ərzində – 26 fevral tarixləridir. Bu üç tarix Azərbaycanın müstəqillik və azadlıq uğrunda mübarizəsinin ağır anlarını, xalqımızın başına gələn böyük faciələri və itkiləri göstərən simvollardır. Hər il çox böyük ağrı-acı ilə qeyd etdiyimiz Xocalı faciəsinin 33-cü ildönümündə erməni vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini iki gün öncə dərin hüznlə bir daha yad etdik".
Deputat xatırladıb ki, artıq Qarabağ işğaldan azad edilib, bərpa və quruculuq işləri tam sürətlə həyata keçirilir, vətəndaşlarımız öz torpaqlarına geri qayıdırlar.
“Bü gün artıq Xocalılılar bilirlər ki, onların vaxtı ilə yaşadığı və 1992-ci ildə kütləvi terrora məruz qalmış torpaqları azaddır. Xocalılar bu günü onlara yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyi ilə Azərbaycanın müasir tarixinin mübarizə simvolu olan Xocalının azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığını bildirirlər. Təmsil etdiyim Qobustan rayonunda vaxtı ilə məskunlaşmış 3 övladı və həyat yoldaşı ermənilər tərəfindən əzabla qətlə yetirilən Xocalı sakini Narxanım Məmmədova da doğma Xocalının azad olunmasına görə dövlət başçısına sonsuz minnətdarlığını bildirir. O artıq bilir, bu gün məcburi köçkün deyil və tək baş vermiş faciənin kədərini yox, həmçinin Zəfərimizin qurur günlərinin sevincini yaşayır”, - deyə Ş.Seyidzadə qeyd edib.