Bakı. Trend:
Mövcud çağırışlara baxmayaraq, çoxtərəflilik qlobal problemlərin həllində həlledici rol oynayır.
Trend xəbər verir ki, bunu Finlandiyanın keçmiş prezidenti Tarya Halonen Bakıda keçirilən XII Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” mövzusunda panel müzakirələrində etdiyi çıxış zamanı deyib.
“Mən buraya gələndə, məndən forumla bağlı gözləntilərimi soruşdular. Mən cavabımda dedim ki, müzakirələrin səmimi olacağına və azca da olsa gələcəyə ümid bəsləyirəm. Biz təzəcə başlamışıq və mən ümid edirəm ki, gələcəkdə bizim pozitiv söhbətlər üçün daha geniş imkanlarımız olacaq” , - deyə o bildirib.
Halonen beynəlxalq münasibətlər sisteminin, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının yenilənməsinin vacib olduğunu hesab edir. Lakin o qeyd edib ki, çətinliklərin olmasına rəğmən, BMT çoxtərəfli diplomatiyanın mərkəzi elementi olaraq qalmaqdadır.
Onun sözlərinə görə, BMT modelinin yenilənməyə ehtiyacı var.
“Məsələn, Təhlükəsizlik Şurasının daha geniş təmsil olunması üçün onda Afrika üçün iki yer və Asiya üçün bir yer əlavə etmək olar. Həmçinin, ayrı-ayrı ölkələrin veto hüququnun ləğv olunması məsələsini də müzakirəyə çıxarmaq lazımdır”, - deyə Halonen bildirib.
O, qlobal aktual problemlərin həllində BMT-nin ixtisaslaşmış agentliklərinin o cümlədən UNESCO, UNİCEF və ÜST-ün əhəmiyyətini vurğulayıb.