...

Azərbaycan Ordusunda yeni dövr: elektron qəbul sistemi ilə şəffaflıq və əlçatanlıq

Siyasət Materials 18 Aprel 2025 12:43 (UTC +04:00)
Azərbaycan Ordusunda yeni dövr: elektron qəbul sistemi ilə şəffaflıq və əlçatanlıq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlaşdırılması və texnoloji əsaslarla yenidən qurulması istiqamətində daha bir mühüm addım atılıb. Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 3 mart – 30 may tarixləri arasında Azərbaycan hərbi təhsil sistemində ilk dəfə olaraq qəbul prosesini elektron şəkildə həyata keçirir. Bu yenilik təkcə texnoloji baxımdan irəliləyiş deyil, həm də Silahlı Qüvvələrin şəffaflıq, əlçatanlıq və yüksək keyfiyyətli kadr hazırlığına verdiyi önəmin bariz nümunəsidir.

Elektron sənəd qəbulu prosesi Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi Tibb Fakültəsi, Bakı və Naxçıvan Hərbi Kollecləri, həmçinin, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə qəbul üçün tətbiq olunur. Qəbul prosesi “www.mmu.edu.az” rəsmi internet səhifəsi üzərindən, “Təhsil müəssisələrinə qəbul” bölməsi vasitəsilə həyata keçirilir. İstənilən bölgədə yaşayan Azərbaycan vətəndaşları portala daxil olaraq, sənədlərin siyahısı və qəbul qaydaları ilə elektron formada tanış ola, müraciətlərini asanlıqla təqdim edə bilərlər.

Bu sistemin əsas üstünlükləri vaxt itkisinin minimuma endirilməsi, prosesin sürətləndirilməsi və regional bərabərliyi təmin etməsidir. Yəni istər paytaxtda, istərsə də ucqar kənddə yaşayan bir gənc eyni imkanlarla bu prosesdə iştirak edə bilir.

Azərbaycan Ordusu artıq XXI əsrin döyüş və təhlükəsizlik reallıqlarına uyğun şəkildə formalaşır. Hərbi xidmət təkcə silahla döyüşmək deyil, həm də elmi təhlil bacarığı, texnologiyadan istifadə qabiliyyəti, strateji düşüncə və liderlik deməkdir.

Milli Müdafiə Universiteti bu tələblərə uyğun gələcək zabit və mütəxəssislərin hazırlanmasını qarşısına əsas məqsəd qoyub. Təhsil müddətində kursantlar və tələbələr yalnız hərbi biliklər deyil, eyni zamanda, beynəlxalq hüquq, informasiya texnologiyaları, mühəndislik, logistika və səhra tibbi sahələrində də bilik və bacarıqlar qazanırlar. Bu da gələcəkdə Silahlı Qüvvələrdə yüksək vəzifələr tutmağa, eləcə də, beynəlxalq hərbi əməkdaşlıq formatlarında iştirak etməyə şərait yaradır.

Müasir hərbi təhsilin ən mühüm xüsusiyyətlərindən biri beynəlxalq əməkdaşlıq imkanlarıdır. Hazırda Azərbaycan kursantları və zabitləri Türkiyə, İtaliya, Koreya Respublikası və Rusiya Federasiyasında müxtəlif istiqamətlər üzrə təhsil alırlar. Bu proqramlar çərçivəsində onlar həm nəzəri bilik, həm də təcrübə baxımından dünya səviyyəli təlimlərə qatılırlar. Xüsusilə Türkiyə ilə hərbi təhsil sahəsində sıx inteqrasiya Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşmasında mühüm rol oynayır.

Yaxın gələcəkdə isə Almaniya ilə əməkdaşlıq çərçivəsində mühəndislik ixtisasları üzrə zabitlərimizin bu ölkədə təhsil almaları nəzərdə tutulur. Bu cür geniş spektrli beynəlxalq təcrübə imkanları Azərbaycan Ordusunun intellektual kadr bazasının möhkəmlənməsinə, eləcə də, çevik, müasir və innovativ düşüncəyə malik zabitlərin formalaşmasına təkan verir.

Müasir hərbi təhsil gənclər üçün sadəcə bir peşə deyil, eyni zamanda, böyük bir karyera fürsətidir. Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələri məzunlarına təkcə yüksək statuslu zabit rütbəsi deyil, həm də vətənə xidmətin, ictimai nüfuzun və şəxsi inkişafın qapılarını açır. Hərbi təhsil alan şəxslər xidmət müddətində bir sıra sosial təminatlar – yüksək əməkhaqqı, mənzil təminatı, əlavə sığorta paketləri və peşəkar inkişaf üçün kurslar və təlimlərdən faydalanırlar.

Milli Müdafiə Universitetinin elektron qəbul prosesi Azərbaycan gəncləri üçün unikal bir fürsət təqdim edir. Hərbi sahədə təhsil almaq istəyənlər bu yeniliyi dəyərləndirməklə, təkcə şəxsi həyatlarına deyil, ölkənin təhlükəsizliyinə və inkişafına da böyük töhfə verə bilərlər. Hərbi təhsil həm nizam-intizamlı həyat tərzi, həm fiziki və mənəvi hazırlıq, həm də yüksək intellektual səviyyə tələb edir. Gələcəyin komandirləri, mütəxəssisləri və liderləri məhz bu məktəblərdə yetişir.

Azərbaycan Ordusunda tətbiq edilən elektron qəbul prosesi – şəffaflıq və müasir tələblərin simvoludur. Bu, Silahlı Qüvvələrin inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, həm də dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın göstəricisidir. Milli Müdafiə Universiteti bu təşəbbüsü ilə yalnız təhsil sistemində deyil, ümumilikdə cəmiyyətin orduya baxış bucağında müsbət dəyişikliklərə səbəb olur.

Gənclər üçün bu, sadəcə bir müraciət imkanı deyil – bu, sabaha atılan mühüm və strateji addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti