Bakı. Trend:
Media qurumlarına kiberhücumda ölkə ərazisində olan əcnəbilər də iştirak ediblər.
Trend xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
"Hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb. Maraqlıdır ki, sonrakı müddət ərzində də, yəni aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyi müşahidə edilib, lakin qarşısı alınıb.
Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları və domenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilib. Qeyd edilməlidir ki, hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, hətta hansı hoteldə olduqları müəyyən edilib. Söhbət əcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığının göstəricisidir", - o bildirib.