Bakı. Trend:
Ölkəmizdə müxtəlif şəxslərə qarşı hədəfli TDoS hücumları baş verib.
Trend xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
"Ölkəmizdə müxtəlif şəxslərə qarşı hədəfli TDoS hücumları baş verib. Burada hədəf şəxsin telefon xəttinə müxtəlif nömrələrdən (adətən saxta və ya təsadüfi nömrələrdən) dayanmadan çoxsaylı zənglər edilir. Məqsəd sistemi yükləyib sıradan çıxarmaq və qanuni zənglərin qarşısını almaqdır. Buna haradasa telefon terroru adını da vermək olar", - o bildirib.
Onun sözlərinə görə, həmçinin müxtəlif elektron poçt ünvanlarına kütləvi şəkildə spam məktubları da göndərilirdi.
"Təbii ki, bu əməllərin qarşısı da aidiyyəti qurumlarımız tərəfindən peşəkarlıqla alınıb", - o əlavə edib.